• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3548
— 28.02.2016 16:50

Şəmkirdə 9-cu və 11-ci sinif şagirdləri biliklərini sınayıblar

Şəmkir rayonunda orta məktəblərin buraxılış sinifləri üçün növbəti sınaq imtahanı keçirilib. Test üsulu ilə aparılan imtahan dəqiq və humanitar fənləri əhatə edib.

İmtahanlar 37 məktəb binasında təşkil edilib. 9-cu sinifdə təhsil alan 2537 nəfər Azərbaycan dili və riyaziyyat fənni üzrə biliyini sınayıb. 2207 nəfər 11-ci sinif şagirdi isə bu fənlərlə yanaşı, xarici dil fənni üzrə də imtahan verib. 150 dəqiqə ərzində şagirdlər hər bir fəndən 30 sual üçün doğru cavabı axtarıblar.

Tural Hüseynov- məktəbli: “Cahangir Rüstəmov adına tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Birinci imtahanda bütün fənlərdən 5 qiymət almışam. Ümidvaram ki, bu dəfə də eyni uğuru təkrarlayacam”.

Səadət İsmayılova- məktəbli: “Birinci imtahanda suallar mənim üçün bir qədər çətin gəlirdi. İndi isə bir qədər asan suallar olduğunu düşünürəm. Yaxşı nəticə göstərəcəyimə ümidliyəm”. 

Şəmkir rayonunda ötən il dekabr ayının 27-də keçirilən sınaq imtahanında iştirak edən şagirdlərdən yalnız 50 faizi məqbul qiymət ala bilib. Rayon mərkəzində faəliyyət göstərən məktəblərdə təhsil alanlar daha yüksək nəticə göstəriblər.

Zülfiyyə Əhmədova- Şəmkir Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi: “Şəmkir Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə bu artıq 2-ci test sınaq imtahanıdır. Birinci test sınaq imtahanında nəticələr o qədər də ürəkaçan olmayıb. Bu səbəbdən də məktəblərdə buraxılış siniflərinin şagirdləri əlavə məşğələlərə cəlb olundular. Daha yüksək nəticələrin əldə olunması üçün bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

Tədris ilinin sonunadək buraxılış sinifləri üçün daha iki sınaq imtahanı keçiriləcək.

Natiq Hüseyn