• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 27.02.2016 15:12

Gəncəbasarın ən böyük mal-heyvan bazarında durğunluq hökm sürür

Göygöl rayonunda yerləşən bazarda iri və xırdabuynuzlu heyvanların qiymətinin ucuzlaşmasına baxmayaraq, alıcılıq qabiliyyəti aşağıdır.

Ucuzlaşma özünü daha çox xırdabuynuzlu heyvanların qiymətində büruzə verir. 15-20 kiloqramlıq qoyun və qoçlar 80-120 manata təklif edilir ki, bu da ötən aylara nisbətən 30-40 manat ucuzdur. Satıcılar buna rəğmən alıcı qıtlığından gileylənirlər. Ciddi qiymət fərqinə baxmayaraq mal-heyvan bazarında canlanma müşahidə edilmir.

Ədalət Mamedov- satıcı: “17 kiloqramlıq heyvanı 120 manata deyirik. Yəni belədə ətin kiloqramı 7 manata düşür. Amma alan yoxdur, sata da bilmirik, əlimizdə qalıb”.

Rasim İsmayılov- satıcı: “Əmlik quzular bir az baha satılır. 10-11 kiloqram əti olanları 65 manata satıram. Keçən illə bu ilin fərqi çoxdur. Qiymətlər 30-40 faiz düşüb. Alıcılıq da yoxdur, 65 manata satdığım heyvanı, 40-50 manata istəyirlər. İri heyvan da ucuzdur. Hamıda təsərrüfatlar çoxdur. Ona görə də, mal çox olanda onun qiyməti istər-istəməz düşür”.  

Satıcıların gileyləndiyi alıcılar da bazarda qiymətlərin münasib olduğunu inkar etmir və durğunluğun yaşandığını təsdiqləyirlər.

Natiq Bayramov- alıcı: “31-32 kiloqramlıq heyvanı 180 manata almışam. Bu uyğundur, amma alan üçün də, satan üçün də gedişat zəifdir”.

Bazarda ot bağlamalarının satışında da vəziyyət fərqli deyil.

Ot bağlamasının alqı-satqısı ilə məşğul olan satıcıların sözlərinə görə, qiymətlər ötən illə müqayisədə düşüb. Belə ki, bir ot bağlaması 2 manat, 2 manat 50 qəpik arası satılır.

Satıcılar mal bazarında alıcılıq qabiliyyətinin Novruz bayramı ərəfəsində artacağına ümid edir.  

Elnur Vahidoğlu