• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1568
— 27.02.2016 13:34

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında niyyət protokolu imzalanıb

Multikulturalizm ili çərçivəsində milli, mənəvi və dini dəyərlərin təbliğini gücləndirmək, gənclərin dövlətçilik ruhunda tərbiyə olunmasına nail olmaq kimi məqsədlər sənəddə yer alıb.

Şəmkir Heydər Əliyev Mərkəzində baş tutan imzalanma mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun qısa müddət ərzində əldə etdiyi uğurlara yüksək dəyər verilib. 2 ilə yaxın fəaliyyəti dövründə fond ölkə əhalisinin maarifləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib, Şəmkirlə bağlı layihəsi isə görülən işlərin davamı kimi qiymətləndirilib.

Sona Əliyeva- Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru: “Əsas məqsədimiz, ictimai maraqlara xidmət etmək və əhalini maarifləndirməkdən ibarətdir. Eyni zamanda, Azərbaycançılıq məfkurəsinin öyrənilməsində və ulu öndər irsinin təbliğində Bilik fondunun fəaliyyətindən istifadə edib, işlərin səmərəli qurulmasına nail olmaqdır”.

Ötən müddət ərzində fond 20-dən çox dövlət təşkilatları ilə niyyət protokolları imzalayıb. Fondun icraçı direktoru Oktay Səmədov Şəmkirdə imzalanan sənədin bölgə əhalisinin bilik və bacarıqlarının artırılması, dövlətin bu istiqamətdə yürütdüyü siyasətin təbliğinə təkan verəcəyinə diqqət çəkib.

Oktay Səmədov- Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru: “Heydər Əliyev Mərkəzinin çox gözəl şəraiti var. Bu mərkəzdə birgə fəaliyyət nəticəsində biz müxtəlif təlimlər, dil kursları, eləcə də dərnəklər və yaradıcılıq klubları yarada bilərik. Düşünürəm ki, Şəmkirli gənclərin Bilik fondunun beynəlxalq səviyyəli tədbirlərinə cəlb olunması da mümkündür. Qarşıda bizi çox işlər gözləyir”.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında niyyət protokolu imzalandıqdan sonra tədbir qarşılıqlı diskusiya şəklində davam edib.

Natiq Hüseyn