• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2162
— 27.02.2016 11:42

Goranboy rayonunda əkin sahələrinin yazlıq suvarılmasına başlanılıb

Rayonda suvarma suyuna olan tələbatın tam ödənilməsi üçün rayon Suvarma Sistemləri idarəsi sulama kanallarını lil və alaq otlarından təmizləyir.

Goranboy rayonunda 48 min hektar əkinəyararlı torpaq sahəsi var ki, bunun da 20 min hektarı təbii çay suları vasitəsilə, 28 min hektarı isə subartezian və nasos stansiyaları vasitəsilə suvarılır.

Artıq bir neçə gündür ki, rayonda əkin sahələrinin yazlıq suvarılmasına start verilib. Yazın gəlişi ilə əlaqədar suvarma suyuna olan tələbat artdığından rayon suvarma sistemləri idarəsi tərəfindən su kanallarının ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər görülüb. Ağır texnikaların cəlb olunduğu işlər çərçivəsində əkin sahələrinin sel sularından mühafizəsi də təmin edilib.

İsbəndiyar Bayramov- Goranboy Suvarma Sistemləri idarəsinin baş mühəndisi: “Bu il demək olar ki, vəziyyət yaxşıdır. Yaz suvarmasına tam hazırlıqlıyıq. Bütün arx və kanallarda alaq otlarından və lildən təmizləmə işləri aparmışıq. Demək olar ki, xeyli beton kanallar çəkilib. Veysli kəndindən keçən kanalın 400 metri yenidən bərpa edilib. Bundan başqa, Xan Qərvənd kəndindən Qızıl Hacılıya qədər 12 kilometrdən artıq uzunluğu olan beton kanal çəkilib. Bütün bu tədbirlər isə, su itkisinin qarşısını demək olar ki, tamamilə alıb.  

Əkin sahələrinin suvarılması, eləcə də 800-dən artıq subartezian və 6 nasos stansiyası hesabına həyata keçirilir. Təkcə ötən il rayonda suvarma suyuna olan tələbatın yaxşılaşdırılması üçün 20-dən artıq yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Hər il Goranboyda 50 min hektara yaxın ərazidə əkin aparılır. Bunun 17 min hektarında dənli bitkilər, yerdə qalanında isə yonca, günəbaxan və digər kənd təsərrüfatı bitkiləri  əkilir.

Elton Cabbarlı