• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3545
— 26.02.2016 15:52

Həyatımızı niyə sığortalamırıq?

Biz malımızı, mülkümüzü sığortalıyırıq. Amma sağlamlığımızı, canımızı, həyatımızı sığortalıyırıqmı? Həyat sığortası barədə əhali məlumatlıdırmı və bunun vacibliyini bilirmi?..

Belə bir deyim var - "olacağa çarə yoxdur", yaxud da heç kim bədbəxt hadisədən sığortalanmayıb. Doğrudur, ancaq hadisələrdən minimum zərərlə çıxmaq üçün, zamanında lazımlı tədbirlər görülməlidir.

Ölüm, sağlamlığın və iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları zamanı yarana biləcək bir çox çətinliklərin qarşısını almaq üçün həyat sığortasından faydalanmaq məsləhət görülür. Həyat sığortası insanın qənaət edərək özünü və daşıdığı həyati risklər səbəbi ilə də sevdiklərini zəmanət altına alan sığorta növüdür. Qərb bölgəsində bu sığorta növünə maraq əvvəlki illərə nisbətən artıb.

Çingiz Cəmiloğlu - sığorta mütəxəssisi: “Son dövrlər əvvəlki illərdən fərqli olaraq, sığorta ilə bağlı ümumiyyətlə müraciət edən insanların sayı demək olar ki, nisbətən artmışdır. Bu da sığorta ilə bağlı aparılan maarifləndirmə işlərinin, informasiyanın çoxluğu ilə əlaqələndirmək olar. Həyat sığortası sığortaların digər məhsullarından fərqli olaraq sırf insanların həyat və sağlamlığının qorunmasına yönəlib”.

Həyat sığortasının məhsullarından biri də Yığım sığortasıdır. Bu sığortanın əsas məğzi bundan ibarətdir ki, sığortalı bir hədəf məbləği müəyyənləşdirir və əmək haqqından müəyyən məbləği kənara qoyur. Əgər müddət ərzində baş verən hadisə nəticəsində sığortalı əmək qabiliyyətini itirərsə və ya dünyasını dəyişərsə 3 ilin nəticəsində götürülmüş hədəfin üzərinə faiz gəliri əlavə edilərək ona və ya onun ailə üzvlərinə ödənilir.

Çingiz Cəmiloğlu -sığorta mütəxəssisi: "Bu sığortada əmək haqqı 2500 azn-ə qədər olarsa, deməli 3 illik müqavilə bağlanılır istənilən fiziki şəxslə, yəni hər bir fərdi şəxs bu məhsuldan istifadə edə bilər. 3 il ərzində həmin şəxsin sosial müdafiə fonduna etdiyi ödənişlər bir növ bu sahəyə yönələcək".

Həyat sığortası bütün hallarda vacibdir. Düzdür, bu zamanda  insanlar daha çox mal-mülk, ev-maşın sığortalarına üstünlük verir. Amma  daha vacib sığorta növü olan həyat  sığortası daim ilk sırada olmalıdır.

Bahadur Şakiroğlu