• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 26.02.2016 15:48

Xocalı dəhşətlərinin şahidi danışır...

İndi Qarabağda gedən döyüşlərdə iştirak etmiş, Xocalı sakinlərinin yaşadığı dəhşətlərin şahidi olan bir şəxslə tanış edəcəyik sizi. II qrup Qarabağ əlili Zakir Cavadovla. Ağdam rayonunun Kolanı dərəsi kimi tanınan Əliağalı kəndindən olan Zakir Cavadov özünümüdafiə batalyonunda vuruşan əsgərlərdən olub. Xocalıda baş verən hadisə zamanı canlarını qurtarmağa çalışan insanlara kömək edənlərdən biri.

Xocalı ilə Əliağalını Fərrux dağının başında olan Yenicə kəndi ayırırdı. Xocalı faciəsi baş verdikdən üç gün sonra, axşam vaxtı səs eşidilir. Kimsə meşə tərəfdən kənddə yaşayan kişiləri səsləyir. Əvvəl özünümüdafiə batalyonu elə bilir ki, qonşu kənddə yaşayan ermənilərdir. Onları aldadıb, pusquya salmaq istəyirlər. Buna baxmayaraq 7-8 əsgər səs gələn tərəfə - meşəyə yollanır. Çatanda isə onları səsləyənlərin Xocalı sakinləri olduğunu görürlər.

Zakir Cavadov -Ağdam sakini: "Üç gün qalmışdılar meşədə. Gecə meşədə qalmışdılar. 7 qadın idi, 4 kişi, 5 də uşaq var idi. Bizim uşaqlar bu qadınları dallarına almışdılar. Botinkalarını çıxarıb, ayağı yer tutanlara vermişdilər. Həmin gecəsi hətta, bir qadının uşağı olmuşdu. Qadın alt paltarını çıxarıb, uşağı bükmüşdü ki, donmasın".

Zakir Cavadov deyir ki, meşədə qalan xocalılar fevralın 25-dən 26-na keçən gecə baş verənləri dəhşətlə danışırdılar.

Zakir Cavadov -Ağdam sakini: "Dedilər elə töküldülər ki... İriçaplı silahlar, tanklar, hərbi texnikalarla hücuma keçdilər. O qədər texnika gətirmişdilər ki, elə bil böyük bir dövləti işğal edirlər".

Bundan sonra isə dinc sakinlərin başına açılan oyunların sayı hesabı olmayıb. Zakir Cavadov həmin dövrdə onunla birlikdə vuruşan əsgərlərin mərdliyini, igidliyini də xatırlayır.

Zakir Cavadov -Ağdam sakini: "Bizim bir seyid var, məşhur seyiddir. O qədər güclü adamdır ki, 9 ermənini ağacla döyüb, yerə uzatmışdı".

Zakir Cavadov əmindir... İndi də belə qüvvətli, cəsur oğullarımızın olduğuna, həmin oğulların işğal altında olan torpaqlarımızı azad edə biləcəyinə əmindir. Biz də inanırıq... Bizdən 24 il uzaqda qalan Xocalıya qayıdacağımıza, orda qalan ruhları azad edəcəyimizə, Azərbaycanın üç rəngli bayrağını o torpaqlarda dalğalandıracağımıza inanırıq...

Gülnar Fazilqızı