• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2806
— 23.02.2016 15:37

Quşçuluğun inkişafı məqsədilə yeni İnkubator Təcrübə Mərkəzi yaradılıb

Quşçuluğun inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda ilk dəfə olaraq İnkubator Təcrübə Mərkəzi yaradılıb. Gələcəkdə mərkəzdə inkubatordan çıxan cücələrin üzərində elmi- təcrübə də aparılacaq.

Təcrübə mərkəzində 3 inkubator və 1 çıxım şkafı quraşdırılıb. Bu avadanlıqlar Rusiya istehsalıdır və bir dəfəyə ümumilikdə 50 min yumurtadan cücə çıxarma gücünə malikdir. Təcrübə Mərkəzində yumurtalar institutun elmi işçiləri tərəfindən yoxlanıldıqdan sonra ilk dəfə fevralın 22-də inkubatora yerləşdirilib.

İnkubator təcrübə mərkəzində ilkin olaraq 8 min yumurta qoyulub. Bu yumurtalardan isə 2 mini yerli cinslərdir.

Burada inkubator avadanlıqları elektron sistemlə işləyir və istilik avtomatik tənzimlənir. Mərkəzin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün yeni naqillər çəkilib və 1500 voltluq generator da quraşdırılıb. Cücələrin bəslənməsi üçün mövcud quş damı bərpa edilir.

Famil Nəsibov- Elmi Tədqiqat- Heyvandarlıq İnstitutunun direktoru: “Fikrimiz budur ki, özümüzün ayrı-ayrı qruplar üzrə ana-quş sürülərinin yaradılmasına nail olaq. Bununla da alınan o cücələrin müəyyən bir qismini tədqiqat üçün bir qismini də təsərrüfatın inkubator mərkəzinin xərcləri üçün satış da təşkil edəcək. Ana quş damında yaradılan quşların hesabına steril şəraitdə cücələrin çıxmasından sonra isə bəslənməsinə nail olaq”.

Təcrübə üçün qoyulan yumurtalardan cücələr martın 13-də çıxacaq. Gələcəkdə burada 10 nəfər daimi işlə təmin olunacaq ki, bunlardan da 4-ü İnkubator Təcrübə Mərkəzində çalışacaq, 6 nəfər isə cücələrin bəslənməsi ilə məşğul olacaq.

 

Elnur Vahidoğlu