• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3486
— 23.02.2016 15:46

Bu il 20 mindən artıq bakalavr öz biliklərini sınağa çəkəcək

Ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu başa çatıb. Bu il 20 mindən artıq bakalavr öz biliklərini sınağa çəkəcək. Sabahdan isə ali təhsil müəssisələrinə hazırlıq məqsədi ilə təşkil edilən ilk sınaq imtahanına qeydiyyat başlayacaq. Bununla yanaşı Azərbaycanda ali məktəblərə və kolleclərə qəbul imtahanlarının tarixləri də açıqlanıb. 

Magistratura imtahanlarında iştirak etmək üçün respublika üzrə 24 109 bakalavr öz elektron ərizəsini təsdiq edib. Onlardan 21 818 nəfəri Azərbaycan, 2291 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 6-da baş tutacaq. Martın birindən başlayaraq isə bakalavrlar TQDK-nın rəsmi internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini əldə edə bilərlər.
 
Vüsal Cəfərov - TQDK-nın Gəncə Regional Bölməsinin baş məsləhətçisi:
"Birinci mərhələdə bakalavrların ümumi məntiqi-təfəkkür, informatika və xarici dil bilikləri yoxlanılacaq. 100 sual təqdim olunacaq. 2 saat 30 dəqiqə vaxt veriləcək. İkinci mərhələdə isə onların ixtisas üzrə bilikləri sınağa çəkiləcək".

Müsabiqə şərtini ödəyən və ikinci mərhələdə iştirak etmək hüququ qazanan bakalavrlar mayın 3-dən 10-dək proqram seçimi edəcəklər. Magistraturaya qəbul imtahanının II mərhələsi isə iyunun 5-də keçiriləcək. Sabahdan isə ali təhsil müəssisələrinə hazırlıq məqsədi ilə təşkil edilən ilk sınaq imtahanına qeydiyyat başlayacaq.

Vüsal Cəfərov -TQDK-nın Gəncə Regional Bölməsinin baş məsləhətçisi: "Qeydiyyat elektron formada həyata keçirilir. İş nömrəsi və şifrə əldə etməklə abituriyentlər TQDK-nın rəsmi internet saytına daxil olub, qeydiyyatdan keçə bilərlər".

1 apreldən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün  I, II, III və IV qruplar üzrə ərizə qəbulu başlayacaq.  3-17 may tarixləri arasında isə V qrup üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu həyata keçiriləcək.  Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu isə mayın 2-dən başlayacaq.

Ali məktəblərə və kolleclərə qəbul imtahanlarının tarixlərinə gəldikdə isə: əvvəlki illərin məzunları üçün qəbul imtahanları II və III qruplar üzrə mayın 15-də, I və IV qruplar üzrə isə  mayın 22-də baş tutacaq. Cari ilin məzunları isə I və IV qruplar üzrə iyulun 15-i, II və III qruplar üzrə isə iyulun 23-də imtahan verəcəklər. Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçünsə imtahan 5 iyulda baş tutacaq. 


Gülnar Fazilqızı