• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3372
— 23.02.2016 11:49

Gəncənin tarixini əks etdirən Comərdi Qəssab türbəsinin baxımsızlığı narahatlıq doğurur

Tarixi 7-8-ci əsrlərə dayanan Comərdi Qəssab türbəsi bu gün də qorunub saxlanılır. Amma türbəni ziyarət edib varlığını hiss etdirənlər demək olar ki, yox səviyyədədir. Səbəb də memarlıq kompleksinin ərazisinin baxımsız vəziyyətdə olmasıdır.

Uzaq keçmişimizə dayanan Comərdi Qəssab türbəsi Gəncə çayının sağ sahilində, qədim Gəncə hasarının 1 km-də yerləşir. Bişmiş kərpic və gəcdən hazırlanan türbə səkkizguşəli ulduz formasındadır. Comərdi qəssab, adından da göründüyü kimi, qəssabların qəhrəmanı müxtəlif zamanlarda Gəncə üzərinə hücum edən yadellilərə qarşı mübarizə aparıb. Lakin onu tarixə salan əsas xüsusiyyəti əliaçıqlığı olub. Belə rəvayət edirlər ki, Comərdi Qəssab hər kim nə qədər ət istəsə kəsib verər, ancaq tərəziyə qoymazdı. 

Fəqan Məmmədov- Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru:

 "Comərdi Qəssab türbəsi 1139-cu il Gəncə zəlzələsinədək qalıb. Şəhər dağılanda türbə də itib. 1940-cı ildə İsaq Cəfərzadə arxeoloji qazıntılar nəticəsində abidəni aşkarlayıb".

2004-cü ildə isə Comərdi Qəssab türbəsi heç bir təhrifə yol verilmədən, əvvəlki görkəminə uyğun şəkildə Heydər Əliyev Fondu tərəfindən yenidən restavrasiya edilib. Hətta Sovetlər dönəmində onun məzarını ləğv etmək üçün nə qədər cəhd göstərsələr də, bütün cəhdlər boşa çıxıb.

Fəqan Məmmədov- Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru: "Dəfələrlə texnikalar yeridilsə də, türbəni ləğv edə bilməyiblər. Əksinə texnikanın özünə zərər dəyib".

Bütün bunlara baxmayaraq, narahatlıq doğuran bir məqam var. O da türbənin yerləşdiyi ərazinin tullantılarla çirklənməsi və baxımsız vəziyyətə düşməsidir. Məsələ ilə bağlı Gəncə şəhər Təmizlik İdarəsi ilə əlaqə saxladıq. İdarədən verilən məlumata görə, ərazidə həftədə iki dəfə təmizlik işləri aparılır. Ancaq bundan sonra işlərin mütəmadi xarakter alacağı gözlənilir.

Bu abidə sadəcə tarixi xatırlatmır. Həm də mənəvi dəyərləri xatırladır: Comərdi Qəssab mərdliyini, Comərdi Qəssab dəqiqliyini və dürüstlüyünü... Və bu kimi bir çox keyfiyyətləri. Hər halda bu tarixi memarlıq kompleksi bizim Azərbaycanımızın sərvətidir. Sərvətimizə zamanında dəyər verək ki, sonradan gec oldu deyə dərd etməyək. 

 

Zülfiyyə Telmanqızı