• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 22.02.2016 17:00

Ölkədə pambığın əkinini artırmaq məqsədilə bir sıra addımlar atılır

Sovet dönəmində adına şeirlər yazılıb mahnılar bəstələnən, ağ qızıl adlandırılan pambıq əkininə maraq bu gün aşağı səviyyədədir. Həm fermerlərin diqqətini bu səhəyə yönəltmək, həm də istehsalı genişləndirmək üçün bir sıra addımlar atılır. Bu da illərdir ki, pambıqçılıqda yaşanan durğunluğun aradan qalxacağına zəmin yaradır.

Hazırda respublikanın bir neçə rayonunda pambıq becərilir. Ancaq göstərici digər bitkilərlə müqayisədə olduqca aşağıdır. Strateji məhsul hesab edilən pambıq gəlir baxımından heç də digər bitkilərdən geri qalmır. Təkcə onu demək olar ki, pambıqdan 250 adda məhsul istehsal olunur.

Həsənəli Aslanov- kənd təsərrüfatı elmləri doktoru, professor: “Pambığın inkişafı üçün respublikada ilk növbədə pambığın emal sənayesi yaradılmalıdır. Pambıq son məhsula özümüzdə çevrilməlidir. Biz dünya bazarına xaricə hazır məhsul çıxartmalıyıq. Bu halda pambıqçılıq Azərbaycanda yüksək şəkildə inkişaf edə bilər”.

Mütəxəssisin sözlərinə görə, ölkədə pambıqçılığın inkişafı paralel olaraq bir neçə sahəni də inkişaf etdirəcək. Bu da dövlət büdcəsinə külli miqdarda vəsaitin daxil olması deməkdir.

Həsənəli Aslanov- kənd təsərrüfatı elmləri doktoru, professor: “Pambıqçılığın inkişafı təkcə emal sənayesinin inkişafı deyil, eyni zamanda kənd təsərrüfatının, heyvandarlığın inkişafı deməkdir. Pambıq ət deməkdir, yağ deməkdir, süd deməkdir, pambıq ordu deməkdir. Xarici bazara çıxarılarsa valyutanın daxil olması deməkdir”.

Ölkədə qeyri-neft sektorunun inkişafı pambıqçılığa da müsbət təsirini göstərir.

Pambıqçılığın inkişafına göstərilən dövlətin diqqət və qayğısının nəticəsidir ki, ötən il 18 min hektar ərazidə pambıq əkilmişdirsə, bu il isə Azərbaycanda  30 min hektar ərazidə pambıq əkilməsi nəzərdə tutulur.

Azərbaycanda becərilən pambıq bir neçə ölkəyə, əsasən də Rusiya və Türkiyəyə xam mal şəkilində satılır.

Elton Cabbarlı