• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 22.02.2016 12:22

Samuxda iri taxılçılıq, eləcə də yemçilik təsərrüfatlarının sayı artırılır

Ölkədə yanvarın sonundan yeni layihənin icrasına başlanacaq. Bu layihə Samux rayonunun iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinə, eləcə də əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaradacaq. Böyük bir ərazidə əkiləcək dənli-paxlalı bitkilər hesabına.

Ölkədə iri taxılçılıq, eləcə də yemçilik təsərrüfatlarının sayı artır. Samuxda bu ərazi 3 min hektarlıq sahəni əhatə edir. Burada yeni mövsümdən qarğıdalı, buğda, qismən də günəbaxan, soya və yonca bitkisi əkiləcək.

Hazırda əkin sahələrinin suvarılması üçün yeni sistem yaradılır.

İş icraçısı: “Sumqayıtda istehsal olan borulardan istifadə olunur. 13 km- lik kəmər iki ay müddətinə istifadəyə veriləcək. Artıq 3 km-ə yaxın boru montaj olunub. Sabahdan borular çalaya endiriləcək. Daha sonra 5 min kubluq iki su anbarı tikiləcək, 3 nasos stansiyası qurulacaq. 40 km yaxın polietilen borudan suvarma xətləri çəkiləcək”.

Hazırda 170-ə yaxın işçinin çalışdığı ərazidə 70 nəfər yerli sakin işlə təmin edilib.

Füzuli Zahirov- fəhlə: “Burda işə cəlb olunanlar - biz hamımız daha əvvəl işsiz idik. Bu layihəyə başlandıqdan sonra işlə təmin olunduq”.

Təsərrüfat-tikinti işlərinin aparılması yerli şirkətlərə həvalə olunub. Bu şirkətlər isə öz növbəsində yerli tikinti materiallarına üstünlük verir. Artıq ərazidə inzibati binaların inşası da gedir.

Məqsəd Yusifov  -sahə rəisi: “Ofis binasının təməli qoyulub. İki qoşa anbar tikilir - onların da təməli qoyulub. Böyük bir qarajın tikintisilə bağlı hazırlıq işləri gedir. Yaxın günlərdə betonlanacaq. Taxıl anbarının qazıntısı başa çatıb”.

Taxıl anbarının tutumu 60 min tondur. Ərazidə təmizləmə və qurutma avadanlıqları da inşa ediləcək. Layihə çərçivəsində artıq xaricdən kənd təsərrüfatı texnikaları da gətirilib.

Cahid Mövlayev -"Agro Dairy" MMC-nin baş aqronomu: “24 ədəd traktor, 5 ədəd taxılbiçən kombayn, iki ədəd yemyığan kombayn, 2 ədəd özüyeriyən qollu çiləyici, kultivator və taxılsəpən alınıb. Hazırda təsərrüfat üçün yağışyağdırma üsuluna əsaslanan müasir suvarma sistemi qurulmaqdadır”.

Mayda - əkin zamanı yüksək keyfiyyətli intensiv sortlardan istifadə edilməsi nəzərdə tutulur. Hər hektardan 80-100 sentner məhsul götürüləcəyi gözlənilir.

Xəyalə Mürsəl