• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2722
— 20.02.2016 16:23

Gəncədə məcburi köçkünlər, eləcə də sakinlər üçün tibbi profilaktik müayinə keçirilib

Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbədə məskunlaşan xocalılar, eləcə də sakinlər üçün tibbi profilaktik müayinə keçirilib. Müayinələri Gəncənin müxtəlif tibb müəssisələrindən 30-a yaxın həkim aparıb.

Aqil Məmmədov- məcburi köçkün: “Artıq bu bir ənənə halını alıb. İllərdir ki, 26 fevral Xocalı faciəsinin anım günündən öncə bu ərazidə məskunlaşan bütün qaçqın, köçkünlər tibbi müayinəyə cəlb edilir”.

Qəsəbə ərazisində fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd orta məktəbində keçirilən aksiyada məcburi köçkünlər səyyar briqadalar tərəfindən tibbi yoxlamadan keçirilib. Müayinələrdə müasir tibbi avadanlıqlardan istifadə edilib.

Akif Zərbəliyev- Gəncə Şəhər Səhiyyə İdarəsinin rəis müavini: “Əhali əvvəlcədən məlumatlandırılıb, elanlar vurulub. Əksər ixtisasdan olan həkimlərin müayinələri keçirilir. Terapevt, pediatr, qadın əhalisinə mama-ginekoloji baxışlar təmin edilir. İxtisaslı həkimlərin, cərrah, lor, nevropatoloqlar müayinə aparır”.

Tibbi yoxlamalardan 1037 məcburi köçkün yararlanıb. 107 nəfər səyyar rentgenoflüoroqrafik,  81 nəfər  elektrokardioqrafik, 88 nəfər laborator analiz,  68 nəfər isə ultrasəs aparatı ilə yoxlanılıb. Həmin vətəndaşlardan 41 nəfərinə ambulator müalicə təyin edilib və 12 nəfər isə stasionar müalicə üçün Gəncə şəhərinin tibb ocaqlarına göndərilib.

Kamran Məmmədov- məcburi köçkün: “Kardioloqa müraciət etdim. Keçən il də yoxlatmışdım. Müayinədən keçdim, mənə dərman yazdılar. Təklif etdilər ki, gəlib 1 həftə xəstəxanada yatım, müalicə edələr”.

Rafiq Quluyev- Xocalı rayon sakini: “Böyrəyimi yoxlatdım. Həqiqətən də böyrəyimdə kristal duz olduğu üçün müalicə yazdılar”.

Səhhəti ilə bağlı tibbi yoxlamalara qatıla bilməyən vətəndaşlar da müayinədən kənarda qalmayıb.

Gəncə şəhərinin həkim briqadası qəsəbənin sakinlərini evlərdə də tibbi müayinədən keçirib. Ümumilikdə gün ərzində 8 nəfər evində yoxlanışdan keçib.

Elnur Vahidoğlu