• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2693
— 20.02.2016 16:22

Kiçik çillə Gəncəyə qışın sərtliyini hiss etdirib

Xalq etimalogiyasına görə, fevral ayı bayram və mərasimlərin özünəxaslığı ilə seçilən aydır. Elə kiçik çillə və Boz ayın bir hissəsi də fevrala təsadüf edir. Bu gün sonuncu gününü yaşayan kiçik çillə Gəncəyə də qışın sərtliyini hiss etdirib.

Bu qış Gəncədə o qədər də sərt keçmədi. Amma bu gün şəhərimizdə qarlı və şaxtalı hava şəraiti müşahidə edilir. Bunun da bəlli bir səbəbi var. Sabahdan Boz ay qədəm qoyur. Təbii ki, kiçik çillə də sonuncu gününün şıltaqlığını hiss etdirməli idi.

Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür. Böyük çillə, kiçik çillə və Boz ay. Böyük çillə qışın gəlişini bildirir, dekabrın 22-i girir, 40 gün davam edir. Fevralın 1-i kiçik çillə başlayır, 20 gün davam edir. Xalq deyimlərinə görə, bu çillə yerini heç cür Boz aya vermək istəmir.

Ruziyyə Quliyeva- AMEA-nın Humanitar Tədqiqatlar İnstitutunun  şöbə müdiri: "Hava da təqvimi təsdiqləyir. Qar yağır. Kiçik çillə getmək istəmir. Çillə türkcə dərd-bəla deməkdir. Kiçik çillə ilə dərd-bəla qurtarır".

Amma kiçik çillənin bitməsi şaxtalı havaların bitməsi demək deyil. Boz ay da kifayət qədər sərtliyini hiss etdirən aydır. Bu məqamda belə bir sual yaranır. Niyə məhz Boz ay? Kiçik çillədən sonrakı ayın Boz adlanması hansı anlama gəlir?

Ruziyyə Quliyeva- AMEA-nın Humanitar Tədqiqatlar İnstitutunun  şöbə müdiri: "Boz ay ona görə deyirlər ki, bu ayda havalar tez-tez dəyişir. Bir gün isti ola bilər, səhər soyuq ola bilər, yəni hava üzünü bozardır".

Atalardan qalma məsəldir: “Qorxma qışdan, qabağından yaz gəlir, qorx payızdan qabağından qış gəlir”. Hava üzünü nə qədər bozartsa da, hər fəslin öz gözəlliyi var. Yaz təravəti, yay istisi, payız xəzəli, qış da soyuğu, qarı ilə gözəldir.

Zülfiyyə Telmanqızı