• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2183
— 20.02.2016 11:50

Şəmkirdə nümunəvi taxılçılıq və bitkiçilik təsərrüfatı yaradılıb

Şəmkir rayonunda 4 min hektar yeni sahənin əkin dövriyyəsinə daxil edilməsi ölkədə keyfiyyətli və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına kömək məqsədi daşıyır. Şəmkir bələdiyyəsinin nəzdində yaradılan Ceyrançöl Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sözügedən sahələrdə taxıl və bostan bitkiləri əkilib.

“Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı”, “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” dövlət proqramlarına uyğun olaraq, Şəmkir bələdiyyəsi tərəfindən təsis edilmiş “Ceyrançöl” MMC nəzdində 200 hektar ərazidə iri nümunəvi taxılçılıq və bitkiçilik təsərrüfatı yaradılıb. 10 ədəd traktor, 30 adda müxtəlif kənd təsərrüfatı texnikası və avadanlıqları alınıb. Suvarmaya olan tələbatın ödənilməsi üçün tədbirlər görülüb.

Bir vaxtlar bu ərazidən yalnız qış otlaq sahəsi kimi istifadə olunurdu. Buna səbəb torpaq sahələrinin suvarmaya olan ehtiyacının ödənilməməsi idi. Bu gün isə yeni su xəttinin çəkilməsi ilə torpaq tam əkinə yararlı vəziyyətə gətirilib.

Əkin sahələrinin suvarılması üçün 730 mm-lik borularla 10 km və qismən kiçik diametrli borularla 15 km uzunluğunda təsərrüfatdaxili su xətləri çəkilib. Hazırda 65 min kub tutumu olan su anbarının tikintisi davam etdirilir. 877 hektar sahədə əkiləcək taxıl, qarğıdalı və digər dənli bitkilərin suvarılmasını təmin etmək məqsədilə ABŞ-dan 14 ədəd müasir suvarma sistemləri gətirilərək quraşdırılır. Gələcəkdə 4 min hektar ərazidə müasir nümunəvi taxılçılıq təsərrüfatının yaradılması planlaşdırılır. Əkiləcək müxtəlif növ bostan və tərəvəz bitkilərinin suvarılması üçün damcı üsullu suvarma sistemi quraşdırılır.

Rasim Mustafayev –Şəmkir RİH-in Sosial-iqtisadi şöbəsinin müdir müavini:Hədəfimiz təsərrüfatı genişləndirməklə bol məhsul əldə etməkdir. Çünki bu istiqamətdə işlərimiz davam etdiriləcək. Digər bələdiyyələrin nəzdində yaradılan MMC də öz profillrə üzrə işlərini davam etdirirlər”. 

Cəmiyyətin inzibati binası və tədarük məntəqəsinin inşası da davam etdirilir. Hazırda təsərrüfatda 65 nəfər daimi, 205 nəfər mövsümi işlə məşğul olur.

Natiq Hüseyn