• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1645
— 17.02.2016 14:41

İlham Əliyev Tovuzda bir sıra sosial-iqtisadi əhəmiyyət daşıyan obyektlərin açılışında iştirak edib

Qərb bölgəsinə səfəri çərçivəsində prezident İlham Əliyev ötən gün Tovuzda bir sıra sosial-iqtisadi əhəmiyyət daşıyan obyektlərin açılışında iştirak edib. Tovuzçay su anbarının işə salınması ilə 20 min 300 ha kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılması təmin ediləcək.

Tovuz rayonuna səfərini ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarətlə başlayan Prezident İlham Əliyev ulu öndərin adını daşıyan parkda yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Ərazisi 10 hektar olan istirahət məkanında yeni göl və park-bulvar salınıb, əyləncə mərkəzi yaradılıb. Tovuzun Qovlar şəhərində istifadəyə verilən Gənclər Evi də gənclərin asudə vaxtının səmərəli təşkilinə, sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcək klub, mərkəz və dərnəklərlə yanaşı Gənclər Evində istedadların hazırlıq laboratoriyası, elektron kitabxana, rəqs zalı və sərgi salonu da gənclərin ixtiyarında olacaq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçası isə uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunmasına hesablanıb. Dövlət başçısı 100 yerlik, 2 mərtəbəli bağçada zəruri ləvazimat və təlim avadanlığı ilə təchiz olunan otaqlarda yaradılan şəraitlə tanış olub. Burada 35 nəfər işlə təmin ediləcək. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının istifadəyə verilməsi isə kənd təsərrüfatının inkişafı, iş yerlərinin açılması, yerli istehsalın yaradılmasına imkan verəcək. Prezident İlham Əliyevin 2004-cü ilə imzaladığı sərəncamla tikintisi davam etdirilən su anbarı 20 min hektar torpaq sahəsində suvarmanın yaxşılaşması və 300 hektar yeni suvarılan torpaqların dövriyyəyə buraxılması baxımından önəm daşıyır və kənd təsərrüfatının inkişafına xidmət edir.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Tovuz rayonunun ənənəvi kənd təsərrüfatı məhsulları vardır. Onların inkişafı, yeni əkin sahələrinin yaradılması, xüsusilə üzümçülüyün inkişafı mühüm əhəmiyyət daşıyır. İnsanların yaşayış səviyyəsi yaxşılaşacaq. Biz öz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bizim əsas vəzifəmiz nəinki özümüzü bütün ərzaq məhsulları ilə təmin etməkdir, eyni zamanda, xarici bazarlara da keyfiyyətli məhsulla çıxmaqdır. Bu istiqamətdə önəmli addımlar atılır. Tovuzçay su anbarının istismara verilməsi onların arasında xüsusi yer tutur”.

Yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu isə rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdırmağa, həmçinin iqtisadiyyatın və turizmin inkişafına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin açılışı etdiyi yol 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edir.

Fərid Mehdiyev