• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3294
— 17.02.2016 14:04

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları gücləndirilmiş iş rejimində çalışır

Ölkə ərazisinə köçəri quşların miqrasiya etməsi və burada təbii yolla artımını təmin etmək üçün, Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Qoruğun sahə müfəttişləri və yegerlər ərazidə mövcud olan ceyranların da ciddi mühafizəsini aparır.

Azərbaycan təbiətinin nadir flora və fauna növlərinin yetişdirildiyi, eləcə də təbii şəraitdə artımının təmin olunduğu Korçay Dövlət Təbiət Qoruğu hazırda quşların, məməlilərin, sürünənlərin döl öncəsi mühafizəsini ciddi şəkildə təmin edir. Korçay vadisində və Bozdağ massivinin Kürqırağı Tuqay meşələrində quşların miqrasiyası və məskunlaşması daha çox qeydə alınır. Ərazidə bir neçə təbii gölün olması bura miqrasiya edərək nəsil artıran quşların sayını artırıb. Burada quşların 60 növünün daimi və müvəqqəti yaşadığı müəyyən edilib. Qoruqda Azərbaycan təbiətinin incilərindən sayılan ceyranın sayı artırılaraq 452 başa çatdırılıb.

Cavid Yusifov- Korçay Dövlət Təbiət Qoruğunun elmi işçisi: "Ceyranların yırtıcılardan mühafizə olunması üçün qarşımıza ciddi məsələlər qoymuşuq. Biz mühafizə işimizi bu istiqamətdə də aparırıq. Bu mövsümdə tərəfimizdən gecə və gündüz reydlər keçirilir. Həm də çalışırıq ki, ceyranların balalarını qoruyaq və böyüməsini təmin edək".

Korçay Dövlət Təbiət Qoruğunda ərazinin qorunmasını 17 yeger və 5 sahə müfəttişi ciddi şəkildə həyata keçirir. Xatırladaq ki, qoruqla yasaqlığın birgə sahəsi 30 min hektardır.

Qoruq ərazisində ov rəsmən qadağan olunub. Elə bu səbəbdən də ərazidə qanunsuz ov edənlərə az hallarda rast gəlmək mümkün olur. Korçay Dövlət Təbiət Qoruğunda Qırmızı kitaba düşən ceyran, vaşaq, kaftar, çöl pişiyi, qunduz, ördək, qaz, turac, kəklik, bildirçin kimi quş və heyvan növləri qorunur.

Xaliq Qurbanlı