• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 17.02.2016 13:51

Ölkəyə növbəti dəfə yeni cins düyələr gətiriləcək

Ötən il xaricdən “Aqrolizinq” ASC-nin Gəncə regional nümayəndəliyinə 761 baş cins mal-qara gətirilib. Proses bu il də davam etdiriləcək.

Almaniyadan gətirilən 490 baş “Holştenfriz” və Avstriyadan gətirilən 271 baş “Smental” cinsli düyələr “Aqrolizinq” ASC-nin təchizat bazalarında xəstəliklə bağlı yoxlanıldıqdan sonra 30 gün karantində saxlanılıb, daha sonra lizinq yolu ilə fermerlərə paylanılıb.  Bu il də mart ayının sonuna kimi ölkəmizə yeni cins düyələr gətiriləcək.

Murtuzəli Hacıyev-  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri:

Kənd Təsərrüfatı Nazirliyi olaraq biz sahibkarların nəzərinə çatdırırıq ki, sahibkarlar bilavasitə Nazirliyin mütəxəssisləri ilə birlikdə xarici ölkələrdə heyvanların seçimində iştirak edə bilərlər. Yəni artıq sahibkar birbaşa xaricdə heyvanı özü seçir, istər ətlik, istər südlük istiqamətində olsun. Bu, sahibkarın istək və arzusundan asılıdır. Qeyd etdiyim kimi, hazırda xarici ölkələrdə, xüsusi ilə Almaniyada, Avstriyada seçim aparılır. Fevral-mart ayına 1000 başdan artıq cins mal-qaranın gətirilməsi nəzərdə tutulur”.  

Yerli inəklər gün ərzində 4-5 litr süd verirsə, xaricdən gətirilən cins düyələr 20-30 litr süd verir. Bu da məhsuldarlıq baxımından fermerlər üçün sərfəlidir. Bundan başqa, yerli cinslərdə 1 illik dana 100-150 kq ət verirsə, cins heyvanlar 250-280 kq ət verir. Bu günə kimi Respublikamıza xaricdən 18 min 252 baş cins mal-qara gətirilib.

Elnur Vahidoğlu