• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 17.02.2016 10:38

Ölkənin 4 rayonunda qəza hadisələri olub, 5 nəfər xəsarət alıb

Ölkənin müxtəlif şəhər və rayonlarında yol qəzaları qeydə alınıb. Hadisələrdən birində 7 yaşlı piyada vurulub.

Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb. 7 yaşlı Xaçmaz rayon sakini,  Məhəmməd  Abbasov  naməlum avtomobil tərəfindən vurulub. Azyaşlı hadisə zamanı yaxınlıqda olan şəxslərin köməkliyi ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib. Uşağın müxtəlif bədən xəsarətləri aldığı məlum olub.

Salyan rayonunda isə mikroavtobusla “Mercedes” markalı avtomobil toqquşub. Qardaşbəyli kəndi ərazisində qeydə alınan hadisə zamanı 3 nəfər xəsarət alıb. Bu şəxslər - Yenikənd kənd sakini, 58 yaşlı Əvəzağa İsmayılov, Neftçala rayonunun Qoltuq kənd sakini, 42 yaşlı Yadulla Qardaşov və həmin rayonun Həsənabad kənd sakini, 39 yaşlı  Araz Abdullayev ağır xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı mikroavtobusda sıxılmış vəziyyətdə qalan sürücü Əvəzağa İsmayılov Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib. Xəsarət alanlardan ikisinə açıq bazu və baldır sınığı, birinə isə çanağın sınığı diaqnozu qoyulub. 

Tovuzun Əsrik-Ağbulaq yolunda sürücünün idarəetməni itirməsi qəzaya səbəb olub. Rayonun Azaflı kənd sakini, 53 yaşlı Aqil Əsgərovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil sürüşərək yolun kənarındakı çaya düşüb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün avtomobili yüksək surətlə idarə etməsi olub.

Samuxda da yol qəzası baş verib. Hadisə Samuxun “İnstitut” qəsəbəsində qeydə alınıb. “Hyundai” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.

Artıq bütün faktlarla bağlı araşdırmalara başlanılıb.

Ruhəngiz Hacızadə