• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2183
— 16.02.2016 16:23

Goranboyda heyvanların peyvəndlənməsinə başlanılıb

Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu heyvanlar qarayara, itlər isə quduzluq xəstəliyinə qarşı peyvənd olunur.

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq respublika ərazisində heyvanların bir sıra xəstəliklərə qarşı profilaktikası həyata keçirilir. Goranboy Rayon Baytarlıq İdarəsinə bu məqsədlə 44 min doza qarayara, 5 min 500 doza quduzluq vaksini gətirilib. Artıq bir neçə gündür ki, davam edən profilaktik tədbirlər çərçivəsində 1000-dən artıq iribuynuzlu heyvan qarayara, 50-dən artıq it quduzluğa qarşı peyvənd olunub.

Elsevər Hüseynov- Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: “Yazın gəlməsi ilə əlaqədar olaraq profilaktik tədbirlərin aparılması üçün qarayara vaksini, itlərin quduzluq xəstəliyi, cücələrdə lasota, quşlarda nyukasl, manqo xəstəliyinə qarşı  və iribuynuzlu heyvanlarda vərəm xəstəliyinə qarşı dərman preparatları göndərilib. İribuynuzlu heyvanlarda qarayara, itlərdə isə quduzluq xəstəliyinə qarşı tədbirlər martın sonuna kimi yekunlaşdırılacaq”.

Hazırda rayon ərazisində 42 min baş iribuynuzlu, 237 min baş xırdabuynuzlu, 2 min baş isə təkdırnaqlı heyvan saxlanılır.

Rayon baytarlıq idarəsindən bildirildi ki, qarşıdakı aylarda rayon ərazisində fərdi və fermer təsərrüfatlarında saxlanılan xırdabuynuzlu heyvanların qarayara xəstəliyinə qarşı vaksinlənməsi həyata keçiriləcək. Həmçinin törədici qoçlardan brüsellyoz xəstəliyinə qarşı qan nümunələri götürüləcək.

Mütəmadi aparılan profilaktik tədbirlər nəticəsində rayon ərazisində epizootik vəziyyət sabitdir.

Elton Cabbarlı