• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 15.02.2016 15:13

TQDK aprelin 3-də ilk sınaq imtahanını keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Respublikanın ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulu davam edir. Artıq 8240 bakalavr öz elektron ərizəsini təsdiq edib. Ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olmaq istəyən abituriyent və namizədlər üçün sınaq imtahanı da keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin imtahanlara daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də ilk sınaq imtahanı keçiriləcək. İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 binada təşkil olunacaq. Qeydiyyat isə fevral ayının 24-dən başlanılacaq.

Nəsimi Məmmədov- TQDK Gəncə Regional Bölməsinin müdiri: "Gəncə şəhərində sınaq imtahanları əvvəlki illərdə olduğu kimi, bu il də iki növbədə keçiriləcək. Bu sınaq imtahanlarında 5300-dən artıq abituriyentin iştirakı üçün artıq yerlər müəyənləşdirilib".

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının şəxsiyyət vəsiqəsi ilə yazılan abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Nəsimi Məmmədov- TQDK Gəncə Regional Bölməsinin müdiri: "Sınaq imtahanları Respublikanın ali  təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq məqsədi ilə keçirilən bir imtahan  prosesidir. Bu imtahan prosesində  toplanan balların heç bir hüquqi əsası yoxdur. Abituriyent bu imtahan prosesində iştirak edir, bilik və bacarığını yoxlayır. Eyni zamanda, abituriyent sınaq imtahanında iştirak edərək, sənədlərin təqdimatı, imtahan binasında olma, zal nəzarətçisinin təlimatına qulaq asma və ən əsası verilən vaxtı düzgün istifadə etməyi öyrənir".

Magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün sınaq imtahanı online şəkildə aparılacaq.

Magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya isə martın 19-dan həyata keçirilməsi nəzərdə tutulur. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.

Gülnar Fazilqızı