• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3540
— 15.02.2016 16:03

Gəncədə əhalinin tibbi müayinəsinə başlanılıb

3 ay davam edəcək aksiya çərçivəsində müxtəlif yaş qruplarından olan şəhər sakiniləri tibbi yoxlamadan keçiriləcək.  

Ölkə prezidentinin tapşırığına əsasən, Gəncədə əhalinin tibbi müayinəsi fevralın 15-dən mayın 15-dək nəzərdə tutulub. Şəhər Səhiyyə İdarəsinin tərtib etdiyi proqrama əsasən terapevt, cərrah, nevropatoloq, oftalmoloq, stomatoloq və başqa ixtisasdan olan həkimlər əhalinin sağlamlıq vəziyyətini yoxlayacaq.

Gülsüm Mustafayeva- 2 saylı şəhər poliklinikasının baş həkimin müavini: "Bu gündən əhali profilaktik tibbi müayinə üçün gəlməyə başlamışdır. Eyni zamanda, poliklinikamızın ərazisində yerləşən universitet və kolleclərdə də profilaktik tibbi müayinənin keçirilməsi nəzərdə tutulmuşdur".

Tibbi müayinənin ilk günü rentgenoflüoqrafik, EKQ, USM xidmətindən istifadə edənlər daha çox olub. Bu cür tibbi xidmət şəhər sakinlərinin razılığı ilə qarşılanıb.

Bəxtiyar Bağırov- sakin: "Böyrəklərimdə bir az narahatçılıq olduğu üçün, bu gün müayinəyə gəlmişdim. Sağ olsun həkimlərimiz, yoxlayıb, müayinə etdilər. Böyrəyimdə olan problemləri aşkar elədilər. Bütün xəstələrin hamısına da arzu edərdim ki, gəlib müayinədən keçsinlər, özlərini yoxlatdırsınlar".

Əhalinin tibbi müayinəsi dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrdə də aparılacaq. Eləcə də səyyar briqadalar tərəfindən orta və ali məktəblərdə, Gəncədə məcburi köçkünlərin kompakt məskunlaşdığı yerlərdə təşkil olunacaq.

Bahadur Şakiroğlu