• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 15.02.2016 15:58

Daşkəsəndə əhalinin yoxsulluq səviyyəsi aşağı düşüb

Daşkəsən rayonunda ünvanlı sosial yardım alanların sayı azalıb. Yaranan vəziyyət rayonda yoxsulluq səviyyəsinin minimum səviyyəyə enməsi ilə izah edilir. Yardım alanların sayının azalmasında əhalinin yeni iş yerləri ilə təmin olunması da rol oynayıb.

2014-cü ildə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 940 ailə müraciət edib. 860 ailənin müraciəti müsbət qiymətləndirilərək yardım təyin olunub. 2015-ci ildə isə sözügedən mərkəzə ünvanlı sosial yardımla bağlı müraciət edənlərin sayı xeyli azalıb. Mərkəzdən verilən məlumata görə, ötən il 486 ailəyə ünvanlı sosial yardım təyin olunub.

Statistik rəqəmlərə baxdıqda aydın görünür ki, Daşkəsən rayonunda əvvəlki illərlə müqayisədə ünvanlı sosial yardım alanların sayı 50 faiz azalıb. Bunun başlıca səbəbi, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin olunmasıdır.

Müavinət alanların ümumi sayının azalması adambaşına düşən yardım payının məbləğinin artırılmasına şərait yaradıb. Ötən il ailələr üzrə təyin olunan yardımın orta aylıq məbləği təxminən 150 manat olub.

Elman Verdiyev- Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sektor müdiri: “2014-cü ildə adambaşına düşən məbləğ 32,34 qəpik olduğu halda 35,69 qəpik olub. Bu fərq ailə üzvlərinin sayına görə belə dəyişib. Yəni 2014 ildə 860 ailənin 3546 üzvünün hər birinə 32 manat təyin olunubsa, 2015-ci ildə isə ailələrin 2024 üzvünə 35,69 manat yardım verilib”.

Xatırladaq ki, ötən ilin mart ayından etibarən ünvanlı sosial yardım iki il müddətinə təyin olunur.

Natiq Hüseyn