• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 14.02.2016 13:29

Gəncədə şəhər hamamlarının vəziyyəti nə yerdədir?

İnsanların ta qədimdən indiki dövrədək təmizlənmək, paklanmaq üçün üz tutduqları məkan şəhər hamamları olub. Gəncə də həmişə hamamlarının adı ilə tanınıb və bu məkanlar qədimliyi ilə seçilib. Bəs bu gün necə, Gəncədə şəhər hamamları fəaliyyət göstərirmi, insanlar bu məkanlara üz tuturmu? Kəpəz TV-nin (Region TV) əməkdaşı Elnur Vahidoğlu bu suallara cavab axtarıb...

Vaxtı ilə Gəncədə 9 hamam fəaliyyət göstərib. Ancaq təəssüflər olsun ki, bu gün Gəncədə yalnız bir hamam işləyir.

Əli Nəzmi küçəsində fəaliyyət göstərən Gəncə şəhər 2 saylı hamam iki hissədən ibarətdir. Ümumi sahəsi 2 min kv.metr olan hamamın birinci hissəsi 6 otaqlıdır və 1900-cu ildə tağvari memarlıq üslubunda tikilib. Daha sonra tələbat artdığından 1960-cı ildə əlavə olaraq, 10 otaqlı ikinci hissə inşa edilib. Ancaq hazırda insanlar şəhər hamamına maraq göstərmir. Belə ki, əvvəllər gün ərzində bura gələnlər 50-60 nəfər idisə, indi yalnız 10-15 nəfər bu xidmətdən yararlanır.  

Saleh Cəfərov- 2 saylı hamamın sahə rəisi: “Hamamdan əsasən şəhərə tikinti-quruculuq işləri üçün gələn fəhlələr istifadə edir. Eyni zamanda, bu gün özünə hamam şəraiti yarada bilməyən insanlar bu hamamın xidmətindən istifadə edir. Bu gün hamam fəaliyyətindən istifadə edənlərin sayı çox aşağı səviyyədədir”.

Hamam bu günədək əsaslı təmir edilməyib. Yalnız 2014-cü ildə cari təmir işləri görülüb ki, bu da ürəkaçan səviyyədə deyil.

Saleh Cəfərov- 2 saylı hamamın sahə rəisi: “Sponsor olsa burada daha çox əlavə xidmət sahələri yaratmaqla hamamın fəaliyyətini qaldırmaq olar. Bu gün hamamın özünün maliyyəsi buna imkan vermir ki, burada o şəraitləri yaradaq”.

Sərfəli olduğundan hamam mazutla isidilir və hər gün səhər saat 09:00-dan axşam saat 22:00-a kimi fəaliyyət göstərir. Bir nəfərin xidmətdən istifadə etməsi isə 2 manatdır.

Elnur Vahidoğlu