• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 13.02.2016 16:28

Şəhid hərbi qulluqçu dəfn edilib

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Elmir Zeynalov doğulub boya-başa çatdığı Goranboy rayonunda dəfn edilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb. Kiçik çavuş, 22 yaşlı Elmir Zeynalov doğulduğu Əhmədabad kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak edib.

Elnur Məmmədov- şəhidin dostu: “O, həqiqətən də çox mehriban, istiqanlı bir dost, bir sinif yoldaşı kimi yaddaşlara həkk olundu. Mən fəxr edirəm ki, mənim belə bir sinif yoldaşım var. İnşallah onun qanını yerdə qoymayacağıq. Ali Baş Komandanımız nə zaman müharibə elan etsə, hamımız bir nəfər kimi şəhidlərimizin qanını almağa hazırıq”.

Elmir Zeynalov həm həqiqi hərbi xidmət zamanı, həm də hərbi qulluqçu olan dövrdə nümunəvi olması ilə seçilib. Onun əldə etdiyi fəxri fərman və qiymətli xatirə hədiyyələri valideynləri üçün bir təsəllidir. Bir neçə il əvvəl Elmir Zeynalovun əmisi də torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid oub. İki gün əvvəl atası ilə son danışığında Elmir əmisinin qisasını aldığını bildirib.

Sərxan Zeynalov- şəhidin atası: “İki gün əvvəl telefonla danışdım. Deyirdi ay ata, əmimin qisasını yerdə qoymamışam. Onlardan neçə nəfəri vurmuşam. Birinci dəfə hərbi xidmətdə, ikinci dəfə indi fəxri fərman alıb. Mən fəxr edirəm ki, mənim oğlum vətən uğrunda şəhid olub. Başınız sağ olsun vətən!”

Yaylım atəşinin açılması ilə şəhid torpağa tapşırılıb. Elmir Zeynalov ailənin tək oğul övladı olub.

Natiq Hüseyn