• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 13.02.2016 12:22

Şəmkir və Tovuz rayonlarını birləşdirən dəmir yolu yenidən qurulur

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bu dəfə Şəmkir-Tovuz rayonlarını birləşdirən dəmir yolunun əsaslı şəkildə yenidən qurulması həyata keçirilir.

Ötən əsrin 80-ci illərində salınan Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu məqsədlə Zəyəm - Qovlar mənzilində ötən gündən yolun sökülərək yenidən qurulmasına başlanılıb. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”-nin kollektivi və Çexiya Respublikasının mütəxəssisləri həyata keçirir. Aparılan işlər çərçivəsində xüsusi texnikalar vasitəsilə köhnə dəmir yolu sökülür və yol yatağı yenilənir. Bundan sonra yeni reyslərin düzülərək bərkidilməsi prosesi aparılır.

Nadir Əzməmmədov- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi: "Bu vaxta qədər tərəfimizdən 400 kilometr yolda əsaslı təmir işləri həyata keçirmişik. Hal-hazırda 2-ci etap başlayıb və bu mərhələ 600 kilometr təşkil edir. Layihəyə ötən ilin oktyabr ayından start verilib. Hazırda Zəyəm - Qovlar mənzilində 12.4 kilometr məsafədə təmir işlərinə başlanılıb. Səhər saatlarından artıq yolun sökülməsinə başlanılıb. 10 gün ərzində işləri yekunlaşdırmağı planlaşdırırıq".

Azərbaycan Dəmir Yollarının maddi–texniki təchizatı və əsaslı təmiri layihəsi çərçivəsində bütün dəmir yolu keçidlərinin şlaqbaumları elektronlaşdırılır. Artıq qatar gələn zaman mühafizə zolağı əl əməyi vasitəsilə deyil, quraşdırılan müasir texnikalar vasitəsilə bağlanacaq.

Qovlar-Zəyim stansiyaları arasında aparılan yenidənqurma işləri çərçivəsində ərazidə mövcud olan 4 dəmir yolu keçid məntəqəsi də əsaslı şəkildə yenidən qurularaq istifadəyə veriləcək.

“Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar  Cəmiyyətilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Layihənin 2018-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

Xaliq Qurbanlı