• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2167
— 12.02.2016 16:34

Manat itirilmiş mövqeyini bərpa edir

Manat devalvasiyadan sonra itirilmiş mövqelərini bir qədər bərpa edib. Bu milli valyutaya olan inamın yenidən bərpa olunmağa başlaması ilə bağlıdır. Bəs ölkədəki bu situasiya bankların valyuta mübadiləsi əməliyyatlarına necə təsir göstərib?

Ötən ilin sonlarından ölkənin maliyyə bazarında baş verən proseslər bir sıra istiqamətlərdə əlavə tədbirlər həyata keçirmək, qanunvericilik aktlarına yenidən nəzər salmaq kimi vacib məqamları ortaya çıxardı. Bir neçə ay ərzində həyata keçirilən tədbirlər maliyyə bazarında yaranmış ajiotajın səngiməsinə imkan yaratdı. Hazırda da bu istiqamətdə vacib addımlar atılır. Bir çox banklar bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunur və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını normal qaydada həyata keçirirlər.

Ələsgər Həsənov -Bank müdiri: "Tələbatı nəzərə alaraq, Mərkəzi Bankla, baş ofislə daim əlaqə saxlayırıq. Lazım gəldikdə, ehtiyat yarandıqda təcili şəkildə valyuta və ya Azərbaycan manatının gətirilməsini təmin edirik ki, şəhərimizin və yaxud da qonaqlarımızın tələbatını ödəyə bilək".

Əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir. Bəzi banklar isə bazar günü də valyuta mübadiləsini davam etdirməyə qərar veriblər. Manatın məzənnəsinin stabilləşməsi də buna imkan verir.

Ələsgər Həsənov - Bank müdiri: "Amma son vaxtlar deyərdim ki, insanlar daha çox valyutanı, yəni dolların alınmasına üstünlük verirdilərsə artıq əks tendensiya yaranıb. Artıq insanlar manatın möhkəmləndiyini nəzərə alaraq, artıq istəyirlər ki, öz dollarlarını manata dəyişsinlər".

Bununla belə Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət ciddi nəzarət altında saxlanılır və qanunsuzluqların qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər keçirilir.  

Bahadur Şakiroğlu