• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 12.02.2016 12:41

Respublika üzrə bütün seçki dairələrinin məntəqələri üzrə siyahıların dəqiqləşdirilməsi aparılır

Hər ilin əvvəlində Respublika üzrə bütün seçki dairələrinin məntəqələri üzrə siyahıların dəqiqləşdirilməsi aparılır. Bu proses 101 saylı Göygöl-Daşkəsən və 123 saylı Kəlbəcər dairə seçki komissiyalarında da başa çatıb və  seçicilərın sayı məlum olub.

101 saylı Göygöl-Daşkəsən Dairə Seçki Komissiyası üzrə 74 məntəqə fəaliyyət göstərir ki, bu məntəqələrdən 46-sı Göygöl, 28-i isə Daşkəsən rayonundadır. Ötən il dairə üzrə seçicilərin sayı 41 min 240 nəfər idisə, indi bu rəqəm 469 nəfər artaraq 41 min 709 olub. Seçicilərdən 337 nəfəri 18 yaşı tamam olanlardır. Məntəqə seçki komissiyalarının hesabatına əsasən, 269 seçicinin ad və soyadında səhvə yol verilib, ancaq bu yanlışlara düzəliş edilib.

Abbas Zalov- 101 saylı Göygöl-Daşkəsən Dairə Seçki Komissiyası sədri: “Dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının təqdim etdiyi sənədlər bir daha araşdırılır və seçki siyahısı dəqiqləşdirilir. İcra qurumlarının və bələdiyyə rəhbərlərinin təqdim etdikləri sənədlər dairə seçki komissiyasında yenidən araşdırılır, hərbi xidmətə çağrılanlar, hərbi xidmətdən tərxis olunan seçicilərin adlı siyahıları dairə seçki komissiyasında aparılır”.

123 saylı Kəlbəcər seçki dairəsinin Respublikamızın 56 şəhər və rayonunda 63 məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr üzrə də seçicilərin siyahıya alınması tam başa çatıb.

Bu dairə üzrə ötən il 49 min 222 seçici qeydiyyatda olub. Hazırda isə həmin say 473 nəfər artıb. 18 yaşı tamam olan seçicilərin sayı 400 nəfərdir. Ümumilikdə siyahıya alınanların 53 faizi qadın, 47 faizi isə kişidir.

Elnur Vahidoğlu