• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 12.02.2016 12:34

Şəmkirdə kartofun daha geniş sahələrdə əkilməsi üçün bir sıra işlər həyata keçirilir

Strateji məhsul sayılan kartofun Şəmkirdə daha geniş sahələrdə əkilməsi üçün bir sıra işlər həyata keçirilir. Bu məqsədlə rayonun Sabirkənd kəndində 400 ha-dan artıq sahədə kartof əkilib.

Sabirkənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, qismən də maldarlıqdır. Kənddə son 25 ildə faraş kartof əkini inkişaf etdirilib. Əsasən Rusiya bazarlarına çıxarılan kartof istixanalarda növbəlilik əsasında kələmdən sonra əkilir. Kənddə  400 ha-dan artıq sahədə kartof becərilir ki, bunun da 100 ha yaxınını həyətyanı sahələr təşkil edir. Mütəxəssislər bildirirlər ki, istixana şəraitində məhsuldarlıq az olsa da, əldə edilən gəlir yüksəkdir. Çünki ilin bu vaxtı faraş kartof əkilmir. Hazırda əkilən kartof mart ayında məhsul verəcək. 3 sot istixanadan 800 kq -1 ton arası məhsul əldə edilir ki, bunu da 1 man 60 qəpik - 2 manata yerindəcə satmaq mümkündür.

Elxan Qurbanov -Sabirkənd icra nümayəndəliyinin baş məsləhətçisi: "Məqsədimiz may ayına qədər əhalinin kartofa olan tələbatını ödəyək. Hazırda bazar qiymətlərindən razıyıq. Lakin qonşu ölkələrin siyasi və ya iqtisadi hadisələrinə kimi bizim bazara təsir edir. Rəsmi şəxslərdən xahiş edirik ki, xarici bazarlara çıxışı asanlaşdırsınlar. Gömrük rüsumu son nəticədə məhsulun alış qiymətinə təsir edir".

Kartof əkini ilə məşğul olan təsərrüfat sahibləri həm məhsuldarlıqdan, həm də bazar qiymətlərindən razıdırlar.

Pakizə İsmayılova -təsərrüfat sahibi: "15 ildir kartofçuluqla məşğuluq. Noyabr ayında toxumu basdırmışıq, mart ayında məhsul əldə edəcəyik. 1.5 ton kartof toxumu yerə basdırmışıq. 54 ton məhsul gözləyirəm".

Fermerlər gələcəkdə kartofu damcı sistemi ilə suvarmaq istəyirlər. Bu gün isə məhsul selləmə üsulu ilə suvarılır. Əkin zamanı təsərrüfatlarda fosfor gübrələrindən və peyindən daha çox istifadə olunur.

Xaliq Qurbanlı