• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 12.02.2016 10:33

Yol qəzaları və onların acı nəticələri

Abşeronda avtomobil yoldakı arakəsməyə çırpılıb, sürücü dünyasını dəyişib. Şəki və Bakıda da yol qəzaları baş verib. Xoşbəxtlikdən sürücülər qəzadan sağ çıxa biliblər.

Bakı-Şamaxı yolunun 4-cü kilometrliyində, Abşeronun Hökməli qəsəbəsində yol qəzası qeydə alınıb. Balahacı Nağıyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobil yoldakı arakəsməyə çırpılıb. Nəticədə sürücü və maşında olan sərnişin – 36 yaşlı Elman Mikayılov dünyasını dəyişib. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Şəkidə də yol-nəqliyyat hadisəsi baş verib. Qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 65-ci km-də, Şəkinin Cumakənd kəndi ərazisində qeydə alınıb. Qax rayon sakini Hüseyn Cavadov idarə etdiyi “VAZ-21 099” markalı avtomobillə Şəki istiqamətində olarkən qəfildən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan həkimlərin köməkliyi ilə sürücüyə ilkin tibbi yardım göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb. Ilkin məlumatlara görə qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub. Avtomobilin tamamilə yararsız hala düşdüyü qəzada sürücü təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün sağ çıxa bilib.

Bakıda da yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Nəsimi rayonunda baş verib. Əsəd Musayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Xan Şuşinski küçəsi ilə hərəkətdə olarkən gözlə nişanının tələbini pozaraq hərəkəti davam etdirib. Nəticədə Oktay Əzizovun idarə etdiyi digər “Mercedes”in yoluna çıxıb və maşınlar toqquşublar. Avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ruhəngiz Hacızadə