• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 11.02.2016 16:29

Gəncənin orta ümumtəhsil məktəbləri arasında keçirilən fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Gəncənin orta ümumtəhsil məktəbləri arasında keçirilən fənn olimpiadasının nəticələri məlum olub. Qaliblər mükafatlandırılıb.

Təhsil nazirinin 25 avqust 2015-ci il tarixli əmri ilə bölgələrdə fənn olimpiadasının keçirilməsində məqsəd istedadlı, bilikli şagirdlərin üzə çıxarılması və ölkə əhəmiyyətli bilik yarışlarına cəlb edilməsi olub. Olimpiada 3 mərhələdə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənnləri üzrə baş tutub. 7-8-ci sinif şagirdləri arasında keçirilən bilik yarışında 160 məktəbli arasından 14 nəfər qalib adını qazanıb.

Söhrab Hacıyev- Gəncə Şəhər Metodik Mərkəzin direktoru: “Respublika mərhələsinin seçim turunda iştirak edən şagirdlər də yer tutarlarsa həmin şagirdlər olimpiada mərkəzlərində hazırlıqlara cəlb ediləcəklər. Həmin şagirdlərə xüsusi dərslər keçiriləcək. O, şairdlər Beynəlxalq fənn olimpiadasında kimya, biologiya, fizika, riyaziyyat və informatika fənnlərindən iştirak edəcəklər”.

Olimpiadada qalibiyyət qazanmaq məktəbliləri təhsilə daha da həvəsləndirib.

Nəzrin Babayeva- olimpiadanın qalibi: “Mən riyaziyyat fənni üzrə olimpiadaya qatıldım, 3 turdan yüksək nəticə göstərərək birincilik əldə etdim. Buna görə çox sevincliyəm. Mən birinci dəfədir ki, belə olimpiadaya qatılıb birincilik əldə etmişəm”.

Nicat Məmmədov- olimpiadanın qalibi: “Üç turdan keçdim və yüksək bal topladım. Çox sevinirəm”.

Olimpiadanın qalibləri Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar. Bu məktəblilər fevralın 13-də Bakı şəhərində keçiriləcək Respublika Fənn Olimpiadasında iştirak edəcəklər.

Elnur Vahidoğlu