• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1539
— 11.02.2016 15:39

Gəncədə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün təkliflər planı hazırlanıb

Gəncənin həm coğrafi mövqeyi, həm də təbii resursları burada əksər sahələrin inkişafına imkan verir. Bu faktorlar nəzərə alınaraq şəhərdə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün təkliflər planı hazırlanıb.

Plana şəhərin daxili imkanları hesabına yeni istehsal müəssisələrinin yaradılması, hazırda qismən fəaliyyətdə olan və ya ümumiyyətlə işləməyən sənaye müəssisələrinin tam işə salınmasının yolları daxil edilib. Mövcud imkanlar nəzərə alınaraq, iqtisadiyyatın hansı sahələrinə investisiya qoyuluşunun daha çox gəlir gətirə biləcəyi də araşdırılır. İlkin mərhələdə xüsusi diqqət ağır sənayenin inkişafına və vaxtilə istifadədə olan müəssisələrin dirçəldilməsinə  yönəlib.

Fuad Əliyev- AMEA-nın Gəncə bölməsinin sədri: "Gəncədə həmişə boksid-klinozom istehsalı olub. Gəncədə primitiv də olsa, poladəritmə istehsalı olub. Gəncədə gübrə istehsalı olub. Bu sahələr Gəncə üçün daha önəmlidir. Bu sahədə kadr potensialı da var, təbii resurslar da".

Əlbəttə, burada təbii resurslar dedikdə, bütövlükdə qərb bölgəsinin imkanları nəzərdə tutulur. Bu sahələrin inkişaf etdirilməsi isə sadəcə qərb regionu deyil, bütövlükdə ölkə iqtisadiyyatı üçün böyük təkan olar.

Fuad Əliyev- AMEA-nın Gəncə bölməsinin sədri: "Respublikamızda istifadə olunan gübrənin 60 faizi xaricdən alınır. Bu gün o 60 faiz gübrə özümüzdə istehsal olunarsa, görün bizim kənd təsərrüfatı məhsullarının dəyəri nə qədər aşağı düşər. Biz metal, poladın çoxunu xaricdən alırıq. Bu gün əgər biz 1 milyon tonluq poladəritmə kompleksi yarada biləriksə, bunun üçün imkanımız da varsa, sözsüz ki, bu, bizim üçün vacib, önəmli işdir".

Hazırlanan təkliflərin dəyərləndirilməsi ölkə iqtisadiyyatının güclənməsi, əldə olunan gəlirlərin artması ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsi  üçün də böyük avantaj ola bilər. 

Gülnar Fazilqızı