Bu günə xəbərlərin oxunma sayı: 896
— 11.02.2016 10:08

Vergi Xidməti işçiləri peşə bayramlarını qeyd edirlər...

Ölkə iqtisadiyyatının normal inkişaf etdirilməsi məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlər içərisində vergi siyasəti mühüm yer tutur. Vergi siyasəti ölkənin bütün sosial-iqtisadi həyatına təsir etməklə dövlət idarəçiliyinin əsas elementləri, o cümlədən maliyyə-kredit siyasəti, qiymətqoyma, əhalinin sosial və maddi təminatı kimi məsələlərlə sıx əlaqədə olur.

Oqtay Məmmədli- iqtisadçı-ekspert: “Dövlətin elə xərcləri var ki, hökmən o xərcləri ödəmək lazımdır. İstehsal sahələri var ki, yeni dəyərlər yaradılsa da, qeyri-istehsal sahələrində yaradılmır. Cəmiyyət üçün isə həm istehsal, həm də qeyri-istehsal sahələri vacib sahələrdir. Bu qeyri-istehsal sahələrini saxlamaq, ölkənin müdafiəsini təşkil etmək üçün hökmən vergi sistemindən istifadə etmək lazımdır”.

Bu amillər nəzərə alınaraq, 2005-ci il fevral ayının 1-də prezident İlham Əliyev vergi işçiləri gününün təsis edilməsi haqda sərəncam imzalayıb. Sərəncama əsasən, hər il fevral ayının 11-i “Vergi işçilərinin peşə bayramı günü” kimi qeyd edilir. Bu gün həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradıldığı gündür. Nazirlik Dövlətin vahid vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ötən müddət ərzində vergi siyasəti və inzibatçılığı, vergi ödəyicilərinə göstərilən xidmət və büdcə daxil olmaları sahəsində Nazirlik bir sıra uğurlara imza atıb.

Rafael Məmmədov- Gəncə şəhər 12 saylı Ərazi Vergilər Departamentinin şöbə rəisi: “Prezidentimizin qoyduğu tələblərə cavab olaraq, hazırda ölkəmizdə “Elektron audit” və “ASAN imza” kimi mühüm layihələr aparılır. Bu da vergi işçiləri ilə ödəyicilər arasındakı münasibətləri sıxlaşdırır”.

2006-cı ildən vergi inzibatçılığı sahəsində avtomatlaşdırılmış vergi informasiya sisteminin tətbiqi, elektron xidmətin göstərilməsi bunun bir nümunəsidir. Ölkədə 124 adda göstərilən xidmətin 51-i Nazirlik tərəfindən elektronlaşdırılıb. Qurumun digər uğurlarından biri 195 qaynar xəttinin yaradılmasıdır. Ödəyicilərin rahatlığını təmin etmək məqsədilə Respublika ərazisində Nazirliyin xidmət mərkəzlərinin sayı artırılaraq 52-yə çatdırılıb. Bu mərkəzlərdə hər bir vergi ödəyicisi vaxt itirmədən əməliyyatlar həyata keçirmək imkanına malikdir.

Nəzərə alsaq ki, ödənilən vergilər yaşlı insanlara təqaüd, tələbələrə təhsil və ən əsası əminamanlıq üçün ordu quruculuğunda istifadə olunur, o zaman onun mahiyyətini dərk edər və vergi mükəlləfləri olaraq heç bir vaxt  səhlənkarlığa və qanun pozuntusuna yol vermərik.

Eşqin Zahid