• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 11.02.2016 02:28

Şəmkirdə sürücü avtomobilini çaya aşırıb, Tovuz və Qubada isə maşınlar işıq dirəyinə çırpılıb

Bakıda da ağır yol qəzaları baş verib.

Bakının Binəqədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. “Tofaş” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Xəsarət alan 21 yaşlı Ağgül Abdullayeva təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər kəllə-beyin travması alan və çoxsaylı sınıqları olan qıza tibbi yardım göstəriblər. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Sürücü saxlanılıb, avtomobil isə cərimə meydançasına aparılıb.

Digər bir yol qəzası isə paytaxtın Xətai rayonunda qeydə alınıb. Nobel prospekti ilə yüksək sürətlə hərəkətdə olan “Qaz 3110” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çıxaraq, çevrilib. Sürücü yüngül xəsarət alıb. Avtomobil isə yararsız hala düşüb.

Bakı-Qazax avtomagistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində də ağır yol nəqliyyat hadisəsi baş verib. Rayonun Yuxarı Seyfəli kənd sakini 42 yaşlı Atabəy Qurbanəliyev idarə etdiyi avtomobili Könüllü kəndinin yaxınlığındakı körpüdən çaya aşırıb. Ağır bədən xəsarətləri alan sürücü yoldan keçən insanların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Tovuzun Qovlar qəsəbəsində Dönük Qırıqlı kənd sakini, 29 yaşlı Şahmar Məmmədhəsənov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dirəyə çırpılıb. Məmmədhəsənov xəsarət aldığı üçün Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobilini yüksək surətlə idarə edib.

Quba rayonunda da avtomobil işıq dirəyinə çırpılıb. Hadisə Heydər Əliyev prospektində baş verib. “VAZ 21 011” markalı maşının sürücüsü - Quba şəhər sakini, 40 yaşlı İbrahim Qasımbəyov xəsarət alıb və Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır. İlkin ehtimala görə, qəzaya yüksək surət səbəb olub. Faktlarla bağlı araşdırmalar davam edir.

İlham Məmmədzadə