• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 09.02.2016 11:45

Yol qəzalarında 4 nəfər canından oldu, 6 nəfər yaralıdır

İmişiyə ov etmək üçün üz tutan əcnəbilər qəzaya düşüblər. 2 nəfər ölüb, 1 nəfərin vəziyyəti isə ağırdır. Cəlilabad, Lənkəran və Bakıda da ağır yol-nəqliyyat hadisələri qeydə alınıb.

İmişidə baş verən ağır yol qəzası iki xarici ölkə vətəndaşının ölümünə səbəb olub. Hadisə rayonun Xəlifəli kəndində qeydə alınıb. Ov turizmi ilə məşğul olan əcnəbilərin içərisində olduğu “Toyota Prado” markalı avtomobil körpüdən aşaraq, su kanalına düşüb. Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişini, Qətər vətəndaşı, 37 yaşlı  Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Daha bir nəfər, 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi isə xəsarət aldığı üçün İmişli Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Sudan çıxarılan meyitlər isə Rayon Patoloji Anatomiya və Tibbi Ekspertiza Mərkəzinə təhvil veriliblər. Ölən şəxslərin cənazələrinin yaxın vaxtlarda ölkələrinə yola salınacağı bildirilib.

Cəlilabadda isə bir nəfərin ölümü, bir nəfərinsə yaralanmasına səbəb olan yol qəzası baş verib. Hadisə Ələt-Astara avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon, Kolatan kənd sakini Xəyal Abıyev Astara istiqamətində hərəkətdə olarkən “Mercedes” markalı avtomobildə idarəetməni itirib. Yoldan çıxaraq ağaca çırpılan maşın zərbənin təsirindən bir neçə hissəyə parçalanıb. Sürücü  hadisə yerində keçinib, sərnişini Nicat Babayev isə yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanaısna yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağır olaraq qalır. İlkin ehtimala görə, qəzaya sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Lənkaranda isə sürücünün diqqətsizliyi piyadanın ölümü ilə nəticələnib. Balıqçılar qəsəbə sakini Samir Vəliyev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən rayon sakini Arzuman Muradovu vurub. Yaralanan piyada xəstəxanada dünyasını dəyişib. İlkin ehtimala görə, hadisəyə sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində də yol qəzası qeydə alınıb. Aysel Əliyeva qucağında körpə uşağı ilə birlikdə “Mercedes”ə əyləşmək istəyərkən arxadan gələn avtomobil maşına çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü Vüsal Əhmədov, Aysel Əliyeva və körpəsi – Abbas müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxabnaya yerləşdiriliblər.

Paytaxtın Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində isə Özal Quliyevin idarə etdiyi “Mercedes”lə Zamin Araztonluya məxsus “Opel” toqquşub. “Opel”in sürücüsü xəsarət alıb və xəstaxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Mercedes”in sürücüsünün diqqətsizliyi səbəb olub. Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.

İlham Məmmədzadə