• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 09.02.2016 11:41

Bakı Bərdə, Salyan, Zaqatala və Neftçalada baş verən yanğın hadisələri 4 ailəni evsiz qoydu

Bərdədə 7 nəfərlik ailəyə məxsus ev yanaraq kül olub. Salyan, Zaqatala və Neftçalada da güclü yanğın hadisələri baş verib. Nəticədə 3 ailə evsiz qalıb. Bakıda isə metro tikintisində yanğın qeydə alınıb.

Bərdə rayonu, Əyricə kənd sakini Telman Hüseynova məxsus 8 otaqlı fərdi yaşayış evində yanğın hadisəsi baş verib. 7 nəfərin yaşadığı 460 kvadratmetrlik evin yanar konstruksiyaları və əşyaları yararsız hala düşüb. Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanağından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi əraziyə cəlb olunub.  Alov söndürülüb. Yanğının səbəbləri araşdırılır.

Salyan rayonunda da fərdi yaşayış evi yanıb. Hadisə Bəydilli kəndində Şamo Gülməmmədova məxsus fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 126 kvadratmetr olan yaşayış evinin 80 kvadratmetri yararsız hala düşüb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Zaqatala rayonunun Danaçı kənd sakini də baş verən yanğın nəticəsində evsiz qalıb. Saniat Ubaşovaya məxsus ümumi sahəsi 156 kv.metr olan birmərtəbəli, 5 otaqlı fərdi yaşayış evi anidən alışıb. Evin yanar konstruksiyaları əşyalarla birgə yararsız hala düşüb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub.

Neftçalada da ev yanıb. Hadisə rayonun Xəzər kəndində qeydə alınıb. Ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 8 otaqlı qamışdan ibarət evin 7 otağının yanar konstruksiyaları və əşyaları 184 kv.m sahədə yararsız hala düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisə evdə elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verib.

Bakının Nəsimi rayonunda metro tikintisində yanğın qeydə alınıb. Ceyhun Səlimov küçəsində Bakı metrosunun “Bənövşəyi-3” xəttinin tikintisinin getdiyi ərazidə işçilər üçün nəzərdə tutulan vaqonlar alovlanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.

İlham Məmmədzadə