• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 08.02.2016 18:27

Ölkənin müxtəlif ərazilərində ağır yol qəzaları baş verib, ölən və yaralananlar var

Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində iki piyada dünyasını dəyişib. Lənkəranda avtomobil velosipedlə hərəkətdə olan şəxsi vurub. Qubada isə qəzaya düşən iki qardaşdan biri ölüb.

Bakıda iki piyada vurulub. Hadisələrdən biri Nizami rayonunda qeydə alınıb. Qara Qarayev prospektində şəhər sakini Fərid Mirzəzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 70 yaşlı kişini vurub. Yaralı xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq, orada dünyasını dəyişib. Paytaxtın Nərimanov rayonunun Ağa Neymətulla küçəsində də bənzər hadisə baş verib. Bakı şəhər sakini Nicat Həşimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Əli Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada keçinib. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Lənkəranda Liman-Nərimanabad avtomobil yolunun 3-cü kilometrliyində avtomobil velosipedlə hərəkətdə olan Üzümçülük qəsəbə sakini 36 yaşlı Arzuman Qurbanovu vurub. Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən yaralı orada dünyasını dəyişib. Hələlik sürücünün kimliyini müəyyən etmək mümkün olmayıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Quba rayonu ərazisində də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə  Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 157-ci km-də  baş verib. “Ford tranzit” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə maşında olan iki qardaş ağır bədən xəsarətləri alıblar. Anar Ağayev aldığı xəsarətdən yerindəcə keçinib. Xəstəxanaya yerləşdirilən Arzuman Ağayevin vəziyyəti isə orta-ağırdır.

İlham Məmmədzadə