• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3376
— 08.02.2016 16:11

Ölkədə toxunulmaz qan ehtiyatı artırılacaq

Azərbaycanda təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı üçün toxunulmaz qan ehtiyatları artırılacaq. Bu, Nazirlər Kabinetinin yeni təsdiqlənən “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”na daxil edilib. Bununla əlaqədar olaraq respublikanın hər yerində könüllü donorluq aksiyalarının təbliği və həyata keçirilməsi istiqamətində işlər aparılacaq. Qan donoru ilə resipiyentin qanının tam uyğunluğunun təmin olunması üçün Mərkəzi Qan Bankının regional bölmələrində qan qrupu və rezus faktorla yanaşı, digər eritrosit antigenlərinin təyin edilməsi təşkil ediləcək. Bu məqsədlə Mərkəzin Gəncə Regional Bölməsinə müasir tələblərə cavab verən qan analizatorları verilib. 

Tahirə Məmmədova- Mərkəzi Qan Bankının Gəncə regional bölməsinin müdiri: “Ümumiyyətlə, qan ehtiyatı həmişə olmalıdır. Bəzi xəstələr var ki, bunlar gözlənilmədən olan xəstələrdir. Onları da biz hər bir vaxt qanla təmin etməliyik. Ona görə də ilin müəyyən günləri biz qan aksiyaları keçiririk. Təzə donmuş plazmanın saxlanma müddəti müəyyən rejimdə 2 ildir. Ancaq eritrosit kütləsinin saxlama müddəti 42 gündür. Buradan da görsənir ki, biz mütəmadi olaraq bu qan bankını aksiyalar keçirib təmin etməliyik ki, burada ehtiyat qanımız olsun”.

Elton Cabbarlı