• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3360
— 08.02.2016 16:09

Azərbaycan Texnologiya Universiteti daha iki istehsalat müəssisəsi ilə əməkdaşlığa başlayıb

Azərbaycan Texnologiya Universiteti Müştəriyə Yönəlmə Proqramı çərçivəsində daha iki  istehsalat müəssisəsi ilə əməkdaşlığa başlayıb. Gəncə Cihazqayırma Zavodu və "Det-Al" Alüminium MMC ilə universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

Təhsil Nazirliyinin pilot layihəsi olaraq ATU-da tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramının əsas istiqamətlərindən biri məhz universitetin profilinə uyğun sahələrdə fəaliyyət göstərən sənaye müəssisələri ilə əməkdaşlıq etmək, onları kadr hazırlığı prosesində iştiraka cəlb etməklə müəssisələrin tələblərinə uyğun məzunlar hazırlamaqdır.

Səbuhi Yusifov - ATU-nun elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru: "Universitetimizdə yeni tədbiqinə başlanılan MYP əslində dünyada baş verən proseslərin tərkib hissəsindən biridir. Eyni zamanda ölkəmizdə tətbiqinə başlanılan sənayenin inkişafı üzrə dövlət proqramı, təhsilin inkişafı üzrə dövlət proqramının müddəalarına uyğun olaraq tətbiq edilən bir proqramdır. Əsas mahiyyəti Universitetin elmi potensialı ilə sənayenin, istehsalatın inteqrasiyasını həyata keçirməkdir".

ATU Müştəriyə Yönəlmə Proqramı çərçivəsində artıq 15-ə yaxın müəssisə ilə əməkdaşlıq edir. Onların sırasına isə bu günlərdə "Det-Al" Alüminium MMC-də əlavə olunub. Saziş “Det- Al Alüminium” kompleksinin zavodlarında istehsalat prosesi zamanı meydana çıxan nöqsanların ATU-nun alimləri tərəfindən araşdırılması və həllinin tapılmasını nəzərdə tutur. Gəncə Cihazqayırma Zavodu ilə imzalanan memoranduma gəldikdə isə...

Səbuhi Yusifov - ATU-nun elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru: "Burada məqsəd zavodun nəzdində kafedranın açılması, zavodun mütəxəssislərinin iştirakı ilə tələbələrə praktiki dərslərin keçilməsi və istehsalat prosesində bir başa iştirak etmələridir. Hazırda onlar üçün də bir elmi-tədqiqat işi hazırlanıb. Bu yaxınlarda müqavilə imzalanacaq".

Bu gün isə ali təhsil müəssisəsi Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi ilə saziş imzalayıb. Universitetin "Nəqliyyatın daşınmalarının təşkili" ixtisasında təhsil alan tələbələr, öyrəndikləri nəzəri bilikləri həmin müəssisənin nəzdindəki laboratoriyada təkmilləşdirəcəklər.

Gülnar Fazilqızı