• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1207
— 08.02.2016 16:08

Gəncə Tibb Kollecində ixtisasartırma və hazırlıq kurslarına başlanılıb

Qərb bölgəsinin yeganə tibb müəsisəsi olan Gəncə Tibb Kollecində ixtisasartırma və hazırlıq kurslarına başlanılıb. Kurs Nazirlər kabinetinin qərarı və Səhiyyə Nazirliyinin göstərişi ilə təşkil edilib.

Gəncə Tibb Kollecində orta tibb işçiləri üçün ixtisasartırma və hazırlıq kursunda qərb bölgəsinin 8 rayonundan olan orta tibb işçiləri iştirak edir. Bu tibb işçiləri üçün 3 ixtisas üzrə dərslər keçilir.

Tibb bacısı, feldşer, mama-ginekoloq ixtisasları üzrə təşkil edilən kurslarda 120 nəfər iştirak edir. Kursun müddəti  hazırda tibb sahəsində işləyənlər üçün 24 gün, işləməyənlər üçünsə 48 gündür.

Rima Bağırova- Gəncə Tibb Kollecinin İxtisasartırma və hazırlıq kursunun baş mütəxəsisi: “Orta tibb işçisi də həkimlərimizdə 5 ildən bir sertifikasiyadan keçməlidir. Ondan öncə kursdan keçirlər. Kursda dinləyici kimi otururlar və hazırlaşırlar. Kursun şəhadətnaməsini alırlar və bu bütün sənədlərlə birlikdə işlərin içinə qoyulur, Bakıya göndərilir. Bakıdan onlara çağırış verilir və buraxılış vərəqi alırlar. İmtahandan keçəndən sonra sertifikat alırlar”. 

Bakıda təşkil edilən imtahandan keçə bilməyən tibb işçiləri Səhiyyə Nazirliyinin əmri ilə yenidən ixtisasartırma və hazırlıq kursuna cəlb olunur. Məlumat üçün bildirək ki, kurs Gəncə Tibb Kollecinin ikinci korpusunda təşkil edilib. İştirak etməzdən öncə komissiya üzvlərinə diplomun əsli və 2 surəti, şəxsiyyəti təsdiq edən sənədin surəti,  sağlamlıq haqqında arayış, 1 ədəd şəkil, kadr uçot vərəqəsi və  işləyənlər üçün əmək kitabçasından çıxarış təqdim edilir.

Elnur Vahidoğlu