• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3259
— 08.02.2016 16:07

Ekologiya və təbii sərvətlər naziri Hüseynqlu Bağırov Daşkəsəndə sahibkarlarla görüşüb

Ekologiya və təbii sərvətlər naziri Hüseynqlu Bağırov Daşkəsəndə ictimaiyyət nümayəndələri, bələdiyyə sədrləri və sahibkarlarla görüşüb. Rayonun sosial- iqtisadi potensialından səmərəli istifadə mövzusu müzakirə edilib.

Öz zəngin təbii sərvətləri ilə tanınan Daşkəsən dağlarında bir çox xəstəliklərin müalicəsində əhəmiyyətli rola malik olan bitkilər və çiçəklər yetişir. Onların toplanaraq qablaşdırılması və satışı məqsədi uyğundur. Bu fikirləri Ekologiya və təbii sərvətlər naziri Hüseynqlu Bağırov tədbirdə səsləndirib. Rayonda dağ-mədən sahəsində aparılan işlər daha da genişləndirilməlidir və burada emal müəssisələrinin yaradılması vacibdir. Heyvandarlıq, əkinçilik, turizm və digər sahələrin inkişafı ilə bağlı maraqlı təkliflər səslənıb.

Hüseynqlu Bağırov - ekologiya və təbii sərvətlər naziri: "Bu gün torpaq sahibləri Azərbaycanda vaxtilə aparılan torpaq özəlləşməsindən bəhrələniblər. Hazırda həmin mülkiyyətçilər torpağa daha bağlı olaraq dövlətin köməyindən yararlanaraq daxili bazarı doldurmalıdırlar. Sənayeni xammalla təmin etmək, hətta ixracı təmin etməklə gözəl şərait yaradılıb".

Tədbirdə həmçinin Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan, hazırda istifadəsiz qalan torpaqların aztəminatlı ailələrə müvəqqəti olaraq verilməsi məsələsi də gündəmə gətirilib.

Görüşdə rayon ərazisində əhalinin məşğulluğunun artırılması məqsədilə Daşkəsəndə tingliyin yaradılması qərara alınıb. Burada 35 nəfər daimi işlə təmin olunacaq.

Xaliq Qurbanlı