• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 05.02.2016 15:47

3 yaşlı Kəpəz FM

Bu gün Kəpəz FM radiosunun kollektivi 3 yaşını qeyd edir. Qısa bir zaman kəsiyi olsa da, radio ötən müddət ərzində kifayət qədər uğurlara imza atıb və dinləyici sayını artırıb. Sözsüz ki, bu, Kəpəz FM radiosunda çalışan insanların əməyi sayəsində mümkün olub.

2013-cü ilin fevral ayının 5-də Azərbaycanın qərb bölgəsində bir ilkə imza atılıdı və Kəpəz FM yayıma başladı. Kəpəz FM Gəncə və ətraf rayonlarda 93.3, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102.7 dalğasında eşidilir. Radio müxtəlif janrlarda olan, hər zövqə, yaş kateqoriyasına uyğun musiqilərlə dinləyici auditoriyasını artırırdı. Ötən ildən isə iki saatdan bir efirə çıxan xəbər buraxılışları ilə regionlarda baş verən ən son hadisə və prosesləri də Kəpəz FM vasitəsilə əldə etmək mümkündür.

Vəfa Şairova– aparıcı: “Səhər saat 10:00-dan etibarən iki saatdan bir “Kəpəz xəbər” informasiya buraxılışı efirdə olur. Bu buraxılış vasitəsilə biz dinləyicilərimizi ölkədə, xüsusən də, bölgələrdə baş verən hadisələrdən hali edirik. Bizim dinləyicilər, həmçinin, ən son məlumatlarla radionun rəsmi internet səhifəsində - “Kəpəz xəbər” bölümündə də tanış ola bilərlər”.

Regionun ilki olan radioda həftə içi hər gün ən hit musiqilər www.kepezfm.az saytına daxil olmaqla dinləyicilər tərəfindən “Top-40”da müəyyənləşir. Maraqla dinlənilən “Avtosfera” verilişində isə üç saat müddətində sürücülərə yol hərəkəti qaydaları aşılanmaqla, avtomobil dünyasında baş verən ən son yeniliklər çatdırılır.

Radio imza atacağı bütün yeniliklər və layihələrlə dinləyiciləri həyatın ritmini hiss etməyə dəvət edir. Elə Kəpəz FM-in şüarında deyildiyi kimi – dinlə, hiss et, arzula!

Vüsalə Camal