• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2319
— 05.02.2016 15:59

Azərbaycanın Gənclər paytaxtında regional forum keçirilir

Bu il Azərbaycanın Gənclər paytaxtı seçilən Şəmkir rayonunda gənclərin regional forumu keçirilir. Dövlət müstəqilliyimizin bərpa edilməsinin 25 illiyi və Gənclər Forumunun 20-ci ildönümü ilə əlaqədər təşkil olunan "Gənclik və Dövlət Müstəqilliyi gələcəyə baxış" adlı foruma Gəncə-Qazax iqtisadi rayonundan 200-ə yaxın gənc qatılıb.

Forumun ilk günündə sosial-iqtisadi sahədə yeniliklərlə bağlı müzakirələr aparılıb. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclik ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Regionlarda, xüsusi ilə də sərhədyanı və dağlıq rayonlarda sahibkarlığın inkişafı, gənclərin məşğulluğunun təminatı istiqamətində həyata keçiriləcək layihələr barədə məlumat verilib.

Yusif Zeynalov- Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri: “Əsas məqsəd gənclərin iqtisadiyyata cəlb edilməsi, regionun iqtisadi inkişafında yeni investisiyaların tətbiq edilməsi və iqtisadi inkişafa nail olmaqla, xarici dövlətlərə məhsul ixracının miqdarını artırmaqdır”.

Gənclər arasında cəmiyyət üçün zərərli olan ünsürlərin aradan qaldırılması ilə bağlı maarifləndirmə aparılıb. Erkən nikah, təhsildən yayınma, pis vərdişlərə yiyələnmək kimi neqativ halların yox səviyyəsinə endirilməsində gənclərin də üzərinə məsuliyyət düşür.

İndira Hacıyeva- Gənclər və İdman Nazirliyinin şöbə müdiri: “Bu gün cəmiyyət çox tez inkişaf edir. Hadisələr elə tez cərəyan edir ki, bu barədə dərslikləri gözləmək və yaxud da hər hansı bir kitabların yazılmasını gözləmək çox gec olar. Ona görə də gənclərlə birbaşa ünsiyyət qurub, yenilikləri aşılamaq vacibdir”.

Forum işini sabah da davam etdirəcək. Gənclərin iştirakı ilə siyasi və iqtisadi mövzuların müzakirəsi aparılacaq.

Natiq Hüseyn