• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3536
— 05.02.2016 15:56

Gəncədə əmək yarmarkası keçirilib

İşaxtaran təbəqənin məşğulluğunun təmin edilməsi məqsədilə Gəncədə əmək yarmarkası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə baş tutan yarmarkada 1500-dən çox vətəndaş özünə uyğun iş tapmağa çalışıb.

Müzəffər Həsənov- 6 saylı Yol İstismar İdarəsinin kadrlar şöbəsinin işçisi: "40-dək iş yerimiz var - fəhlə yeri. Müqavilə əsasında işə götürürük. Maaş 200-250 manat arasıdır".

60 təşkilat tərəfindən 700-dən yuxarı ixtisaslaşmış iş yerləri təklif edilən əmək yarmarkasında əmək haqqının məbləği 131 - 615 manat arasında dəyişib. 47-si dövlət, 13-ü özəl olan təşkilatlarda vakant yerlərin 318-i fəhlə, 248-i qulluqçu, 185-i isə xidmət sahəsinə aid olub. Bilik və bacarığına uyğun iş tapanlara müvafiq idarələrə göndərişlər verilib.

Pərviz Şahmarzadə- sakin: "İşlə təmin olundum. Göndəriş vərəqəsi alımışam, gedəcəyəm Regional Qaz İdarəsinə".

Arzu İsmayılov- sakin: "Mən işlə təmin olundum. Su idarəsində nəzarətçi işinə qəbul edildim. Bu cür yarmarkalar tez-tez keçirilsin ki, həm Gəncə, həm də ətraf rayonların insanları işlə təmin oluna bilsin".

Yarmarkanın keçirilməsində məqsəd qeyri-məşğul əhalinin münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə göndərilməsi, onların ixtisasdəyişmə və peşə hazırlığı kurslarına cəlb edilməsinə köməklik etməkdir.

Abil Tağıyev- Gəncə Məşğulluq Mərkəzinin direktoru: "Vətəndaşları kurslara göndərmək üçün də şərait yaradırıq. Məşğulluq mərkəzinə müraciət etsinlər. Biz onları kurslara göndərək. Kursların ödənişi də biz tərəfdən aparılacaq".

Yaxın günlərdə Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər sakinləri üçün daha bir əmək yarmarkasının keçirilməsi planlaşdırılır.

Gülnar Fazilqızı