• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 04.02.2016 17:56

Bu gün dünyada “xərçəng” günüdür

Hər il fevralın 4-ü dünyada “xərçəng” günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd dünyanın diqqətini xərçəng xəstəliyinə, onun aşkarlanması, və aradan qaldırılması yollarına çəkməkdir. Gəncə Şəhər Onkoloji Xəstəxanası da bu cür xəstəliklərin müayinə və müalicəsinin düzgün aparılması üçün müasir avadanlıqlarla təmin edilib. Bu da qərb bölgəsinin sakinlərinə imkan yaradır ki, həkimə müraciət etmək üçün yalnız paytaxta üz tutmasınlar.

Milli Onkologiya və Uşaq Onkoloji Mərkəzlərilə yanaşı Azərbaycanın daha 7 şəhər və rayonunda onkoloji dispanserlər fəaliyyət göstərir ki, onlardan biri də Gəncədə yerləşir. Gəncə onkoloji xəstəxanası 40 ildən artıqdır ki, əhalinin xidmətindədir.

Xəstəxana diaqnostika bölməsi, cərrahiyyə, kimyəvi dərman müalicəsi və şüaterapiya şöbəsindən ibarətdir. 2011-ci ildə Milli Onkologiya Mərkəzinin dəstəyi ilə xəstəxanada Çexiya Respublikasında istehsal olunan terebalt - qamma terabevtik aparat quraşdırılıb. Hazırda xəstəxanada müayinələr kompüter tomoqrafiyası ilə aparılır.

Namiq Süleymanov - Gəncə Şəhər Onkoloji Xəstəxananın baş həkimi: ""Qabaq xəstələr üz tuturdu Bakı şəhərinə. Lakin bu şərait yaradılandan sonra, xəstələrə müasir tələblərə cavab verən tibbi xidmət göstərə bilirik".

Xəstəxananın baş həkimi deyir ki, xərçəng xəstəliyinin müayinə və müalicəsi ilə yanaşı, profilaktikası da önəmlidir. Çünki xəstəlik vaxtında aşkar olunarsa, onun müalicəsi də daha effektli olar.

Namiq Süleymanov - Gəncə şəhər Onkoloji xəstəxananın baş həkimi: ""Hansısa bir narahatçılıq olan zaman xəstələr müraciət etməlidir sahə poliklinikalarına. Əgər hər hansı bir xəstəlik aşkarlanarsa, poliklinikalar onları bizə yönəldir. Biz də burada xəstəni müayinə edirik. Xəstəlik öz təsdiqini taparsa, müalicəsi aparılır".

Məlumat üçün bildirək ki, fevral ayının 15-dən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılacaq. Bu müayinələr xəstəliklərin vaxtında aşkarlanmasına zəmin yaradır. 

Gülnar Fazilqızı