• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2370
— 04.02.2016 16:46

Gəncədə daşınmaz əmlak sahəsi üzrə mühüm layihə həyata keçirilir

«Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı» Layihəsi daşınmaz əmlakla, xüsusilə torpaq sahələri ilə bağlı bütün problemləri həll etməlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin bu layihəsi çərçivəsində Gəncədəki daşınmaz əmlakların elektron kadastrı və rəqəmsal kadastr xəritələri yaradılır.

Əvvəllər bax belə torpaq sahəsi və evlərin qeydiyyatı üçün uzun müddət ölçü işləri aparılmalı və xeyli sənəd yığılmalı idi. Əmlak Məsələləri Dövlət Komitəsinin bu layihəsinin həyata keçirilməsi ilə isə Gəncədəki daşınmaz əmlakların elektron kadastrı və rəqəmsal kadastr xəritələri yaradılacaq ki, bu da prosesi qat-qat sadələşdirəcək.

255 min hektar ərazini əhatə edən Layihənin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin yayında layihənin yekunlaşdırılması nəzərdə tutulur. Alman şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində Gəncədə 70 min daşınmaz əmlakın kadastrı hazırlanacaq.

Oliver Haitzmann - «Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı» Layihəsinin qrup rəhbəri: “Gəncə şəhərinin bütöv ərazisinin ölçmə işləri başa çatıb. Hazırda keyfiyyət-yoxlama işləri aparılır, məlumat bazasının yığılma işləri isə yekunlaşmaq üzrədir. Bu layihənin çox əhəmiyyəti var. Məlumatlarımızdan gələcəkdə bir çox sahələrdə istifadə olunacaq. May ayından isə Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə şəhərinin yeni elektron kadastr məlumatlarından yararlana biləcək”.

Layihə çərçivəsində torpaq sahələri ən müasir və dəqiq avadanlıqlarla yenidən ölçülür. Ölçmə işlərinin dəqiqliyi 10-20 santimetr arasında dəyişir. Pay torpaqlarının və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir, daşınmaz əmlakların sənədləri öyrənilir. Hazırda Gəncə şəhərində dəqiqləşdirmə işləri aparılır.

Bahadur Şakiroğlu