• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2367
— 04.02.2016 16:13

TQDK Gəncədə treninqlərə başlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə Regional Bölməsi bu il keçiriləcək imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün treninqlərə başlayıb. Gəncədə iki gün davam edəcək treninqdə 572 nəfər nəzarətçi-müəllim iştirak edəcək.

Treninq Cəfər Cabbarlı adına Gəncə şəhər 6 nömrəli tam orta məktəbdə 4 sinif otağında keçirilir. Pedaqoqlara nəzarətçinin hüquq və vəzifələri, davranış qaydaları, abituriyentlərlə işin təşkili, eləcə də digər zəruri məsələlər izah olunur. Bu məlumatlardan təcrübəsi az olan və ilk dəfə nəzarətçi olacaq  61 nəfər müəllim də yararlanır.

Babək Orucov- TQDK-nın Gəncə Regional bölməsinin aparıcı məsləhətçisi: “Həmin müəllimlər ilk növbədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi sınaq imtahanlarına cəlb olunacaq. Həmin sınaq imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilən müəllimlər növbəti buraxılış və qəbul imtahanlarına cəlb olunacaq. Müəllimləri seçərkən əsasən yüksək ixtisaslı fənn müəllimlərinə üstünlük verilir. Cari ildən etibarən isə eyni zamanda əmək təlimi, musiqi, təsviri incəsənət müəllimləri də nəzarətçi bazasına əlavə olunub”.

İştirakçıların sualları da cavablandırılıb, nəzarətçilər üçün keçirilən onlayn testin nəticələri müzakirə edilib. Nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə Regional Bölməsinin təşkil etdiyi treninqlər fevral ayının 23-nə kim davam edəcək. Ümumilikdə Gəncə şəhəri ilə yanaşı, qərb bölgəsinin 9 rayonunda 1868 müəllim treninqlərdə iştirak edəcək.

Elnur Vahidoğlu