• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 04.02.2016 16:06

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması ilə əlaqədar Gəncədə sənədlərin işlənməsinə başlanılıb

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması,  məşğulluğunun təmin olunması, sosial müdafiəsinin gücləndirməsi üçün dövlət səviyyəsində bir sıra işlər görülür. Prezidentin sərəncamı ilə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması da bu tədbirlər sırasındadır.

Məcburi köçkünlər yemək xərci üçün verilən aylıq müavinəti 10 faiz artımla alacaqlar. Kəlbəcər Rayon İcra Hakimiyyətində yaradılan xüsusi komissiyanın üzvləri sənədlərin işlənməsinə başlayıblar. Hazırda Respublikanın 56 rayonundakı 700-dən çox yaşayış məntəqəsində 74057 Kəlbəcərli məcburi köçkün yaşayır. Onlarında da 80% yemək xərci üçün verilən aylıq müavinətlərdən yararlanır. Ötən aya kimi onlara hər adama görə aylıq 18 manat 15 qəpik yemək xərci verilirdi. Məcburi köçkünlər bütün kommunal ödənişlərdən də azaddırlar.

İkram Salmanov - Kəlbəcər RİH-i başçısının müavini: "Kəlbəcərlilərin 62571 nəfəri köçkün statusunu daşıyır ki, onlar da yemək xərci ilə təmin olunurlar. Digər 11486 nəfər isə müxtəlif səbəblərə görə bu müavinətdən azaddırlar. Bunlar məcburi köçkün statusu olmayanlar, Respublikadan kənarda yaşayanlar, hərbi xidmətdə və həbsdə olan köçkünlərdirlər".

Bu il Gəncədə müvəqqəti məskunlaşan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramına əsasən yeni binaların tikilməsi nəzərdə tutulur.

Kəlbəcər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda Gəncə şəhərində 3 minə yaxın Kəlbəcərdən olan məcburi köçkün ailəsi yataqxanalarda, qohum evlərində və digər uyğunlaşdırılmış binalarda yaşayır. Onlar yeni mənzillərə köçürüləcəyi günü gözləyirlər.

Xaliq Qurabanlı