• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 09.10.2014 10:01

Bakı-Qazax avtomagistralında ağır qəza: 2 nəfər ölüb, 20-yə yaxın yaralı var

Baş vermiş ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi bəlli olub. Bunlar -10 yaşlı Fuad İsgəndərov və 31 yaşlı Elvin Kərimovdur.

Qeyd edək ki, adıçəkilən şəxslər qəza baş verən zaman güclü zərbənin təsirindən yerindəcə dünyasını dəyişiblər.

 

 

05:07 olan xəbər

Bu gün gecə saat 4 radələrində Bakı-Qazax avtomagistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Bakıdan  Gürcüstana gedən sərnişin avtobusu arxadan eyni istiqamətdə hərəkətdə olan  yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində Bakıdan Gürcüstana gedən sərnişin avtobusunda 40 nəfər sərnişin olub. Onlardan 20 nəfəri ağır bədən xəsarətləri alıb.

Qeyd edək ki, çırpılmanın təsirindən sərnişin avtobusu alışaraq yanıb. Hazırda hadisə yerində FHN-nin xilasedici dəstələri işləyir. Aldığımız məlumatlara görə, yaralananlar arasında yanaraq həlak olanlar da var.

Bu haqda daha ətraflı araşdırmalardan sonra məlumat veriləcək.

Zərbənin təsirindən alovlanan avtobusdan sərnişinlərin əksəriyyəti vaxtında çıxa biliblər. Lakin şahidlərin sözlərinə görə 2 nəfəri xilas etmək mümkün olmayıb. Onlardan ikisinin azyaşlı olduğu bildirilir. Avtobus sürücüsünün köməkçisinin dediyinə görə, qəzaya səbəb qarşıda gedən yük maşını olub.

Elmar Adıgözəlov- sürücü köməkçisi: “Biz Bakıdan Gürcüstana gedirdik. Qarşımızda yük maşını gedirdi. Birdən başladı sağa-sola çıxmağa, sürücümüz də saxlaya bilmədi, getdi vurdu ona. Vuran kimi maşın alışmağa başladı”.  

Hadisədə yaralanan digər sərnişinlər Gəncə şəhər TTYX-ya yerləşdiriliblər. Xəstəxanaya 20 nəfər gətirilsə də onlardan 7 nəfər Marneuli rayon, Sadaxlı kənd sakinləri - 46 yaşlı Dilavər Şəmsiyeva, 51 yaşlı Gülşən Alıyeva, 61 yaşlı Gülü Ayvazova, Marneuli rayon, Kirovka kənd sakinləri -46 yaşlı Həmayə Süleymanova, 21 yaşlı Bəhruz Məmmədov, Marneuli rayon, Mollaoğlu kənd sakini - 29 yaşlı Vasif Osmanov və Sumqayıt sakini 59 yaşlı Nabat Hacıyeva travmatologiya şöbəsinə yerləşdirilib. Digər 13 nəfərə isə ambulator yardım göstərilib. Yaralılar xəstəxanaya əsasən yanıq xəsarətləri və müxtəlif travmalarla daxil olublar.

Rafael İsgəndərov- travmatoloq: “Bu gün saat 4 radələrində şöbəyə 20 nəfər avtoqəza nəticəsində xəsarət almış xəstə gətirilib. Xəstələrin iki nəfəri reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri ağırdır. 3 nəfər diz nahiyəsinin diz oynağının sınığı ilə şöbədə yatır. Yerdə qalan xəstələrə ambulator  yardım olunub”.

Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.