• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 08.10.2014 17:59

Ölkədə baş verən qəzalar can almağa davam edir

Goranboyda, Zaqatalada və Lənkəranda avtomobilin yoldan çıxması nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, qəza zamanı yaralanan 31 yaşlı Səbinə Əliyeva yaxınlarının köməkliyi ilə xəstəxananın travmatologiya şöbəsinə  gətirilib. Həkimlər xəstəyə ilkin tibbi yardım göstəriblər və onun vəziyyətinin  orta ağır olduğunu söyləyirlər. Səbinə Əliyevanın yaxınlarının sözlərinə görə, qəza Goranboy rayonunun mərkəzində baş verib. Sərnişin Səbinə Əliyeva VAZ 2107 markalı avtomobildə olarkən sürücü idarə etməni itirib və avtomobili ağaca çırpıb.  Nəticədə Səbinə Əiiyeva bel nahiyyəsindən xəsarət alıb.

Zaqatala rayonu, Muğanlı kəndində də  “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı “VAZ” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər yaralını avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Lənkəranda isə ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə gecə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 23 yaşlı Şəhriyar Kazımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən qəfildən idarə etməni itirərək yolun kənarındakı beton elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsiri nəticəsində avtomobilin sərnişinləri, Lənkəran şəhər sakini, 57 yaşlı Validə Quliyeva hadisə yerində dünyasını dəyişib. 52 yaşlı Xatirə İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər üş yol qəzası haqqında aidiyyatı qurumlarda araşdırmalar aparılır.