• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2248
— 30.01.2016 12:53

Goranboyda hərbçi rəssamın sərgisi təşkil olunub

Daim əldə silah vətən keşiyində dayanan hərbçinin boş vaxtlarında istedad və bacarığından istifadə etməsi təqdirəlayiq haldır. Bu bacarıq onun iç dünyasını zənginləşdirməklə yanaşı, başqalarının dünyasına da işıq salırsa, deməli, yaxşı bir iş görülür. Goranboy sakini, 42 yaşlı hərbçi Nahid Tağıyev dünyaya həm də rəssam gözü ilə baxır. Rəssamın əsərləri doğulub, boya-başa çatdığı rayonda da sərgilənib.

Goranboy Rayon Rəsm Qalereyasında Nahid Tağıyevin fərdi rəsm sərgisi təşkil olunub. Sərgidə Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi, ictimaiyyət nümayəndələri və rəssamın yaxınları iştirak ediblər. Nahid Tağıyev uzun müddətdir N saylı hərbi hissədə zabit kimi çalışır. Hələ uşaq vaxtlarından rəssamlığa olan marağı onu müxtəlif vaxtlarda fərqli janrlarda rəsmlər çəkməyə vadar edib. Hərbçi rəssamın “Yaradıcılıq həvəsi- 40 an”  adlı ilk sərgisi ötən ilin mart ayında Abşeron Rəsm Qalereyasında təşkil olunub. Rəsm əsərlərinin onun üçün doğma olan rayonda da sərgilənməsi fırça ustasını daha da həvəsləndirir.

Nahid Tağıyev- hərbçi rəssam: “Hərbçi peşəsi, çətin olduğu qədər də şərəflidir. Mən qürur duyuram ki, Azərbaycan orudusuna xidmət edirəm. Amma hərdən vaxt tapıb uşaqlıqdan həvəsim olan rəssamlıqla da məşğul ola bilirəm. Bu gün sərgilədəyim əsərlər ictimaiyyət tərəfindən maraqla izlənilirsə, bu, məni çox sevindirir”.

“Həyat kitabından səhifələr” adlı sərgidə nümayiş olunan əsərlər vətənpərvərlik mövzusu ilə yanaşı, müəllifi valeh edən təbiət mənzərələri, maraqlı hadisələri əks etdirir. Sərginin Goranboyun kənd və qəsəbələrində nümayişi də planlaşdırılır.

Natiq Hüseyn